Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olunmaq istəyən bakalavrların elektron ixtisaslaşma seçimi ərizələrinin qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. İyulun 24-ü saat 11:50-yə olan məlumata görə, 254 (Azərbaycan bölməsi – 246, rus bölməsi – 8) bakalavrın ərizəsi təsdiqlənib.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 30-u saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Qeyd edək ki, boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.