Magistraturaların boş qalan yerlərinə qəbul olunmaq istəyən 500-dən çox bakalavrın ərizəsi təsdiqlənib
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq istəyən bakalavrların elektron ixtisaslaşma seçimi ərizələrinin qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. İyulun 26-i saat 14:35-ə olan məlumata görə, 503 (Azərbaycan bölməsi – 483, rus bölməsi – 20) bakalavrın ərizəsi təsdiqlənib.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 30-u saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Qeyd edək ki, boş yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.