NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində nəşr olunan “Musiqi dünyası” jurnalının növbəti sayında görkəmli bəstəkar, şair, dramaturq və rəssam Ərtoğrol Cavidlə bağlı “Hüseyn Cavid ömrünün yarımçıq əsərlərindən biri- Ərtoğrol Cavid-100” adlı məqalə yer alıb.
Müəllifləri xalq artisti Tofiq Bakıxanov və professor Nazim Paşa Quliyev olan məqalədə görkəmli bəstəkarın həyat və yaradıcılığına nəzər salınıb, şeirlərindən parçalar yer alıb. Qeyd olunub ki, nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”, “Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrol Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.
Nüfuzlu “Musiqi dünyası” jurnalının bu sayı 30 min nüsxə olmaqla çap olunub, virtual oxucularının sayı isə 240 min olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 18 aprel 2019-cu il tarixində “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam çərçivəsində muxtar respublikada silsilə tədbirlər keçirilir.
Mədinə Rəhimli