Ölkəmizin gələcəyi üçün mütəxəssis hazırlığının əsasını ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu işi təşkil edir. Tələbə qəbulunun xüsusi əhəmiyyət kəsb edən mərhələlərindən biri isə qəbul imtahanlarına hazırlıqla bağlıdır. Təcrübə göstərir ki, bu mərhələdə abituriyentlərin məsləhət və tövsiyələrə ciddi ehtiyacları yaranır. Dövlət İmtahan Mərkəzi bunu nəzərə alaraq onlara elmi-metodiki kömək istiqamətində kompleks tədbirlər həyata keçirir. Gəncləri müxtəlif məzmunda və çeşiddə zəruri dərs və tədris-metodiki vəsaitlər, tövsiyə və sorğu materialları, onlara bələdçilik edən nəşrlər və digər köməkçi materiallarla təmin edir.
Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi hər il ayrı-ayrı ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap edir. Vəsaitlərdə təhsil formaları, Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları verilir, müsabiqəyə buraxılma şərtləri dərc edilir, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunur. Bununla belə, gənclərin ixtisas seçimində problemlərinin olmadığını, onların hamılıqla və həmişə uğurlu seçim etdiklərini demək çətindir. Gənclərin gələcəkdə mütəxəssis kimi uğurları, arzu və istəklərinin reallaşması məhz ixtisas seçimi mərhələsində kifayət qədər düşünülmüş qərar qəbul etmələrindən asılı olur. Onlar hərtərəfli düşünülərək seçilmiş ixtisasla öz gələcək karyeralarının əsasını qoymuş olurlar. Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Hər şeydən öncə isə abituriyent aşağıdakı suallara cavab tapmalıdır: Mənim neçə balım var, hansı ixtisası daha çox sevirəm, hansı ixtisası seçsəm daha çox uğur qazanaram, hansı ixtisas üzrə bacarıqlarım, yaxud istedadım var, mənim seçdiyim ixtisasa tələbat nə dərəcədədir? Bütün bu suallara cavab tapdıqdan sonra abituriyent ailənin maddi durumunu da nəzərə alaraq hansı şəhərdəki ali təhsil müəssisəsinə və hansı ixtisası seçəcəyinə başlaya bilər. Belə halda məlumatlı adamlar abituriyentlərə hər ixtisas barədə ayrıca bilgi versələr, daha yaxşı olar. Bəzən bu və ya digər ixtisas haqqında məlumatı olmayan abituriyentlər düzgün seçim etmədiklərindən gələcəkdə sevmədikləri peşə ilə məşğul olmaqdan imtina edirlər, necə deyərlər, təhsil aldıqları müddət boş yerə itirilmiş vaxtdan başqa bir şey olmur. Buna görə də, abituriyentlər ixtisas seçərkən əsas meyar kimi həvəsində olduğu ixtisası seçməlidir ki, bu da gələcəkdə onların sahib olduğu peşəni layiqincə yerinə yetirməsinə səbəb olur. Vətənə ən yaxşı xidmətin yolu da sahib olduğumuz işi layiqincə yerinə yetirməkdən keçir. Mühüm bir məqam da var ki, bəzən ixtisas seçimini düzgün aparmayan və yüksək bal toplamış abituriyentlər də heç bir ali təhsil müəssisəsinə qəbul ola bilmirlər.
İxtisas seçimi çətin olan ballar ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisas seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 -700 intervalında bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Aşağı bal toplayan abituriyentlər isə, heç şübhəsiz, ciddi seçim qarşısında qalırlar. Əsasən, 300-400 intervalında bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun, universitetə qəbul olmaq olur. Aşağı bal toplayan abituriyentin seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və onların balları seçdiyi ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir. Abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir. Bəzən keçid balını toplamış abituriyentlər əvvəlcədən “filan universitetə qəbul olmuşam”,– deyərək yersiz sevinirlər. Bilmək lazımdır ki, bu və ya digər təhsil müəssisəsinə qəbul olmaq yalnız Dövlət İmtahan Mərkəzinin ixtisas seçimindən sonrakı qərarı ilə müəyyənləşir.
İxtisaslar barədə məlumatlar mütləq dəqiqləşdirilməlidir
Müsabiqədə iştirak edən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə DİM tərəfindən lazım olan informasiyalar açıqlanıb. Abituriyentlərə kömək məqsədilə hər bir ixtisas qrupu üzrə qəbul imtahanları keçirildikdən və cavablar elan olunduqdan sonra müsabiqədə iştirak edən abituriyentlərin ballarının paylanma cədvəlləri təyin edilir. Bundan əlavə, ixtisas seçimindən əvvəl keçid balları müəyyən edilir. Keçid balları ötən ilin müsabiqə vəziyyəti ilə bu ilin müsabiqə vəziyyəti arasında fərqin əsasında yaranır. İxtisas seçimi zamanı abituriyentlərin onlara təqdim olunan informasiyaları düzgün təhlil etməyi və buna əsasən qərar verməyi lazımdır. Bu il müsabiqədə iştirak edən abituriyentlərə iyulun 24-dən avqustun 6-dək vaxt verilib. Kifayət qədər vaxtın olması ilə yanaşı, abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Çünki səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yanlış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olan ixtisası müəyyənləşdirmək qalır.
İxtisasını düzgün seç ki, gələcəyini qura biləsən
Ümumilikdə, ixtisas seçimi yeniyetmə yaşlarında baş tutur. Bu, insan üçün ən ziddiyyətli və heç də asan olmayan yaş dövrüdür. 17-18 yaşındakı gənc gələcək ixtisasını necə müəyyənləşdirə bilir? Onlar ixtisaslarını nəyə əsasən seçirlər? Mütəxəssislər hesab edirlər ki, gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmaq olmaz ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Bəzi hallarda isə aparıcı motiv təhsilin mümkünlük dərəcəsidir. Belə insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə çalışırlar. Məsələn, yaşayış yerinə daha yaxın olan, münasib qəbul balı və başqa bu kimi faktorları əsas götürərək gələcək ixtisaslarının seçimini edirlər. Təhsilin keyfiyyəti isə onun maddi dəyərindən deyil, onu tədris edən müəllimin professionallığından asılıdır. Digər tərəfdən, əgər abituriyentin qəbul olduğu ixtisas onun həvəsində olduğu ixtisasla üst-üstə düşmürsə, müəllim peşəkarlığından asılı olmayaraq, o, həmin ixtisası yetərincə mənimsəməyəcək.
Valideyn müdaxiləsi
Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürür. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları özlərinin arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istəyir, amma övladın fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarına məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur. Adətən valideynlər yeniyetmələrə seçim etməkdə kömək edirlər. Böyüklər bu məsələyə məntiqlə yanaşırlar, buna görə də onlar tələbat olan, yüksək əmək haqlı ixtisaslar təklif edirlər. Bununla əlaqədar olaraq, bir çoxları hüquq və iqtisadiyyatla bağlı fakültələrə qəbul olmağa cəhd edir və belə güman edirlər ki, bu, gələcəkdə onların maddi rifahını yüksəldəcək. Əslində isə hər bir peşə sahibi ixtisasının mütəxəssisi ola və yaxşı qazanc əldə edə bilər. Buraya həm iqtisadçı, həm musiqiçi, həm də rəssam daxildir. “Prestijlidir”, “faydalıdır” və başqa bu tipli sözlərdən uzaq olun. Yadda saxlamaq lazımdır ki, bütün ixtisaslar lazımlı və faydalıdır. Lakin bütün bu ixtisaslardan biri sizə daha yaxındır. Nəyə qarşı istedadınızın olduğunu aşkara çıxarmaq lazımdır. Yəqin ki, məktəbdə siz də hər hansı bacarıq və qabiliyyətinizə görə digər şagirdlərdən fərqlənməyi bacarırdınız. Belə isə, özünüzə bu sualla müraciət edin: “Mənim istedadım nəyə qarşıdır?”. İnsan peşəsinə qarşı sevgi ilə, həvəslə işləmədikdə çətin ki, işdə böyük uğurlara nail olsun. O, adi, sıradan bir işçi olaraq qalacaq. Lakin insan arzusunda olduğu ixtisası seçdikdə nəinki yüksək nəticələrə nail olacaq, həmçinin işdə cərimələnmiş bir şəxs kimi də əzab çəkməyəcək. Beləliklə, əziz abituriyentlər, arzulayın və arzunuza doğru gedin!.
Ödənişli, yaxud dövlət hesabına təhsil
Bu il dövlət hesabına qəbul yerlərinin artırılması abituriyentlər üçün əlavə imkanlar açıb. Amma topladığı balla dövlət hesabına təhsil ala bilməyəcək abituriyentlər ödənişli təhsili də seçəcəklər. Seçim edərkən abituriyent ilk sıralarda ən çox sevdiyi ixtisasın “Dövlət hesabına təhsil”, sonra isə həmin ixtisasın ödənişli təhsilini seçməlidir. Fikrimizcə, sevmədiyi ixtisasa dövlət hesabına yiyələnməkdənsə, sevdiyi ixtisasın ödənişlisində oxumaq daha məqsədəuyğundur. İxtisas seçimi və qəbul ərəfəsində valideyn və abituriyentlərin psixoloji xidmətə də ehtiyacları az olmur. Bəzi valideynlər övladlarının universitetə qəbul olmamasını az qala “milli faciə” həddinə qaldırırlar ki, bu da abituriyentlərin psixikasında dərin izlər buraxır. Demək olar ki, əksər abituriyentlər imtahanda uğursuzluqdan çox, valideyn təzyiqi ilə qarşı-qarşıya gəlməkdən qorxurlar. Burada imtahandan əvvəl abituriyentlərə təskinlik verilməsi valideynlərin üzərinə düşür. Valideynlər övladlarını qınamaq yerinə, ona uğursuz olmaqdan qorxmamağı, əgər hər hansı bir halda imtahanda uğursuzluq baş verərsə, bunun elə də böyük bir problem olmadığını, növbəti il şansını bir daha sınamasının mümkünlüyünü deyərək övladlarını mənəvi cəhətdən rahatlatmalıdırlar. Digər halda övladın marağı varsa, valideyn onu orta ixtisas məktəblərindəki ixtisaslara yönəltməli, yaxud peşə təhsili liseyində sevdiyi peşəyə yiyələnməyə sövq etməlidir.
Sonda qeyd edək ki, bu gün Naxçıvanımızda fəaliyyət göstərən üç ali təhsil ocağı, üç orta ixtisas məktəbində dünya standartlarına cavab verən ixtisaslara yiyələnmək üçün bütün imkanlar mövcuddur. Xüsusilə, daha çox üz tutulan ixtisaslardan sayılan hüquq, tibb, iqtisadiyyat, memarlıq kimi fakültələrin mövcudluğu abituriyentlərimizin elə doğma Naxçıvanda təhsillərini davam etmələrinə imkan yaradıb. Bir sözlə, qədim diyarımızdakı müasir ümumtəhsil məktəblərində orta təhsillərini başa vurub ali və orta ixtisas təhsili müəssisələrinin tələbəsi adını qazananlar gələcəyin əsl mütəxəssisi kimi yetişirlər.
Natiq Məmmədov
Cəhri kənd 1 saylı tam orta məktəbin müəllimi