Texnologiyanın yeni möcüzəsi - “Beyin sürücüsü” (“Brain Driver”) fiziki imkanları məhdud şəxslərin həyatını yüngülləşdirəcək.
NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, İsveçrənin Sürix şəhərindəki ETH Universitetində hazırlanan sistem hərəkət imkanları məhdud olan insanların beyin gücü ilə kompüter oyunları oynamasını təmin edir. Alimlərin məqsədi gələcəkdə dayaq-hərəkət aparatı problemləri olan insanların əlil arabalarını idarə etməsinə nail olmaqdır.
Könüllü olaraq universitetin proqramında iştirak edən aşağı və yuxarı ətrafları iflic olmuş Smauel Kuntz bu sistemdən istifadə edərək kompüter oyunları oynaya bilib. Nevroloq həkim Rea Lehner elektrodlar vasitəsilə beyin siqnallarının kompüterə ötürülməsi və oradakı proqramın işə salınmasını təmin edən sistemin hələ pilot mərhələsində olduğunu söyləyib. O əlavə edib ki, əsas məqsəd xəstələrin əlil arabasını idarə etməsinə nail olmaqdır.
ETH Universitetinin professoru Nikol Venderot bildirib ki, insanın kəllə sümüyü çox etibarlıdır və eyni zamanda, beyini qoruyur. Onun sözlərinə görə, bərk materialdan olan kəllə sümüyü həm də elektrodların siqnallarına əngəl olur. Alim ümidvar olduğunu bildirib ki, elmi tədqiqatlar nəticəsində yaxın gələcəkdə bu problemi həll etmək mümkün olacaq.
BBC-nin məlumatına görə, bundan əvvəl də alman alimləri beyin siqnalları ilə avtomobili idarə edən proqram hazırlayıblar. Lakin bütün bu sistemlərin təkmilləşdirilməsi prosesi davam etməlidir.