Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir.
İyulun 31-i saat 11:20-yə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 24119 (Azərbaycan bölməsi üzrə 23450, rus bölməsi üzrə 669) abituriyentin ərizəsi təsdiqlənib.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.
Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.