”Mars-Express” orbital aparatı bu ilin may-iyun aylarında Marsda səkkiz toz fırtınasının inkişafını müşahidə edə bilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Avropa Kosmik Agentliyinin saytına istinadla məlumat verib. Məlumata görə, bu cür müşahidələr həm planetdə fəaliyyətdə olan avtomatik stansiyaların təhlükəsizliyini təmin etmək, həm də gələcək missiyaların planlaşdırılması baxımından əhəmiyyətlidir.
Marsdakı toz fırtınaları bir neçə gün və ya bir neçə həftə davam edir, lakin zaman-zaman qlobal xarakter alır və bir neçə ay ərzində geniş bir ərazidə tüğyan edir. Belə toz fırtınaları Qırmızı planetdə işləyən marsaxodlara və avtomatik stansiyalara çox təsir edir və hətta onların məhvinə səbəb ola bilər. Gələcək misiyaların planlaşdırılması üçün Marsın iqlimini başa düşmək vacibdir, buna görə orbital aparatlar və roverlər gündəlik meteoroloji məlumatı toplayaraq Yerə göndərirlər.
İndi Marsın şimal yarımkürəsində bahardır və qütb qapağının ətrafındakı atmosferdə su-buz kristallarının buludlarını, kiçik toz buludlarını müşahidə etmək olar.
Mayın 22-dən iyunun 10-dək”Mars-Express” orbital aparatı ömrü 1-3 günə qədər olan səkkiz toz fırtınasının təkamülünü izləyib, həmçinin ekvator istiqamətində onların inkişafını və hərəkətini də izləmək mümkün olub. Qütb qapağının hüdudlarından yuxarıda və ondan bir neçə min kilometr aralıda, kamera Elisey və Olimp vulkanlarının yaxınlığında nazik, parlaq buludlar qeydə alınıb. Qurğu toz fırtınalarının böyük vulkanlara çatdığı zaman oroqrafik buludların meydana gəlməsinin başladığını aşkar edib.
Belə yerli toz fırtınaları cəmi bir neçə gün davam edir, səthdən qaldırılan toz qlobal hava dövranı mexanizmləri sayəsində Mars atmosferinə yayılır və atmosferin aşağı qatlarında, təxminən 20-40 kilometr yüksəkliklərdə nazik bir duman əmələ gətirir.