Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da “Qoşa qanad” ədəbi almanaxı haqqında məqalə yaradılıb.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, almanax AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azad Həmkarlar İttifaqı tərəfindən hazırlanıb və çap edilib. Nəşrin ideya və “Ön söz”ünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur. Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır.
Məqalədə almanaxın bölümləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, almanax İsa Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” yazısı ilə açılır. Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb. İkihissəli, 352 səhifədən ibarət ədəbi almanax “AFPoliqrAF” mətbəəsində çap olunub. Kitabın birinci bölümü şeir, ikinci bölümü nəsr nümunələrindən ibarətdir.
“Qoşa qanad” bədii almanaxı haqqında məqalə ilə linkdə tanış olmaq mümkündür.