Astronomlar ekstremal sıx əlaqəli, orbital periodu 6,91 dəqiqə olan ağ cırtdanlardan ibarət tutulan qoşa sistem aşkar ediblər. NUHÇIXAN-ın məlumatına görə, bu qoşa ulduz sistemi daha qısaperiodlular siyahısında ikinci olmaqla, tutulanlar (bir-birinin qarşısına keçən) arasında bir-birinə daha yaxın sistemdir. Alimlər “Nature” jurnalında qeyd edirlər ki, bu obyekt, 2034-cü ilə uçuşu planlaşdırılan LİSA (Laser Interferometer Space Antenna) kosmik rəsədxanası üçün qravitasiya dalğalarının ən yaxşı mənbəyi olacaq.
Kainatda əksər ulduzlar çox sayda sistemə daxildir, yəni sistemin digər ulduzları ilə birlikdə ümumi bir kütlə mərkəzi ətrafında dolanırlar. Daha çox yayılmış qoşa ulduzlar, komponentlər arası qarşılıqlı təsirin xarakterindən asılı olaraq cırtdan yeni, polyar və kataklizmik dəyişənlər kimi bir çox siniflərə bölünürlər.
Qravitasiya dalğalarının tədqiqi sahəsində əsas maraq doğuran sıxlığı çox olan obyektlərin yaxın sistemləridir. Daha çox məlum olan Hals və Teylorun qoşa pulsarıdır (PSR B1913+16). Bu pulsar 7,75 saata dövr edən iki neytron ulduzdan ibarət sistemdir. Bu sistemin ətraflı öyrənilməsi 1974-cü ildə, yəni bilavasitə kəşfdən xeyli əvvəl, qravitasiya dalğalarının mövcudluğunu bildirən ilkin müşahidə göstərişlərini almağa imkan vermişdir. Belə böyük kütlələrin sürətli hərəkəti kinetik enerjinin bir hissəsini aparan və periodun qısalmasına gətirən məkan-zaman dəyişikliyinə səbəb olur.
Yaxın illərdə qravitasiya astronomiyası sahəsində ən iddialı layihələrdən biri Avropa Kosmik Laser İnterferometri – LİSA olacaq. LİSA tərəfləri 1.5 milyon km olan düzgün üçbucağın təpələrində yerləşən 3 cihazdan ibarətdir. Onun buraxılışı 2034-cü ilə planlaşdırılır. Onun cihazlarının ən yüksək həssaslığı tezliyin millihers diopozonunda olacaqdır.
Güman olunur ki, LİSA minlərlə sıx qoşa ulduzlar, əsasən də qoşa ağ cırtdanlar kəşf edəcək. Ancaq hal-hazırda bu cür sistemlərdən hələ ki, 10-u məlumdur.
Ən çox tanınan sistemlərdən biri ümumi kütlə mərkəzi ətrafında 5.4 dəqiqəyə dövr edən RX J0806.3+1527 qoşa ağ cirtdan sistemidir. Lakin bu sistem tutulan deyildir. Yəni onun orbit müstəvisi baxış istiqaməti ilə 52 dərəcə bucaq təşkil edir. Bu həm optik üsullarla cisimlərin ətraflı öyrənilməsini, həm də qravitasiya dalğalarının amplitudunun olduğundan az alınmasına səbəb olur.
Məlum ekstremal sıx qoşalar arasında yalnız biri - SDSS J065133.338+284423.37 tutulan sistemdir. Onun orbital periodu 12.75 dəqiqədir.
Kaliforniya Texnoloji İnstitunundan Kevin Berdjin (Kevin Burdge) rəhbərliyi ilə ABŞ, Almaniya və İsrail astronomları periodu 6,91 dəqiqə olan iki ağ cırtdandan ibarət ZTF J153932.16+502738.8 yeni qoşa sistemi haqqında məlumat veriblər. Bu sistem indiyə kimi məlum olanlardan ən qısa periodlusudur. Sistemin böyük yarımoxu günəşin radiusunun 10 faizi tərtibində, Yerlə Ay arasındakı məsafədən 5 dəfə kiçik olub - 78,5 min kilometrdir.
Sistemin tutulan olması orbital parametrləri dəqiq ölçməyə və onların zamana görə təkamülünü öyrənməyə imkan verir. Müəyyən olunub ki, period, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsində fərz olunduğu kimi dəqiqliklə dəyişir. Mövcud sistem üçün orbital hərəkət enerjisinin şüalanmasının xarakterik müddəti 210 min il tərtibindədir. Ancaq bu halda tədqiqatçılar hesab edirlər ki, obyektlərin birləşməsi az ehtimallıdır.
Müəlliflərin fikrincə, təxminən 130 min ildən sonra period azalaraq 5 dəqiqəyə çatacaq və obyektlərin yaxınlaşması onlar arasında kəskin maddə mübadiləsinə gətirib çıxaracaq. Nəticədə sistem daha da genişlənəcək və AM CVn (Canum Venaticorum) tipli kataklizmik dəyişənlərə çevriləcəklər. Alternativ halda qeyri stabil kütlə mübadiləsi nəticəsində sistem R CrB (Coronae Borealis) eruptiv dəyişən ola bilər. Astronomlar sistemin dağılmasına gətirə bilən heliumun termonüvə detonasiyasını daha az ehtimallı hesab edirlər.
Bu yaxınlarda astronomlar yeni ekzotik tutulan polyar aşkarlayıblar: bu sıx qoşa sistem adi ulduzdan və güclü maqnit sahəsi olan ağ cırtdandan ibarətdir. Alimlər hesab edirlər ki, LİSA-nın qravitasiya antenləri qoşa ağ cırtdanlar sistemində planetlər tapa bilər.