Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) reyestrə daxil edilmiş tədqiqat infrastrukturları haqqında məlumatları elektron portalda ümumi istifadə üçün açıq şəkildə yerləşdirir. Reyestrdə olan məlumatların dəqiqliyini təmin etmək məqsədilə AMEA mütəmadi olaraq həmin məlumatların yenilənməsini təmin edir.
NUHÇIXAN xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası”nda əks olunub.
Sənəddə göstərilir ki, reyestrdən dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, elmi müəssisə və təşkilatlar, alim və tədqiqatçılar və digər hüquqi və fiziki şəxslər istifadə edə bilərlər.
Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi AMEA tərəfindən həyata keçirilir.