Reyestrə dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş tədqiqat infrastrukturları daxil edilir. Qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş digər tədqiqat infrastrukturları müraciətləri əsasında reyestrə daxil edilə bilər.
NUHÇIXAN xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası”nda əks olunub.
Sənəddə bildirilir ki, reyestrə daxil edilmək üçün elmi tədqiqat mərkəzləri və laboratoriyalar AMEA-ya aşağıdakı sənədləri elektron formada (AMEA tərəfindən bu məqsədlə yaradılmış elektron portalda “Ərizəçinin elektron şəxsi kabineti” vasitəsilə qeydiyyatdan keçdikdən sonra) təqdim edir:
-elektron ərizə;
-elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışının surətləri;
-elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqların siyahısı (əsas texniki və texnoloji xüsusiyyətləri barədə məlumatlar göstərilməklə);
-elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqlarda elmi tədqiqat, təcrübə-konstruktor və ya texnoloji işlərin aparılması nəticəsində yaradılan müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri (olduğu təqdirdə);
-elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda yaradılmış əqli mülkiyyət obyektlərinin istehsalatda tətbiqi nəticəsində istehsal olunan məhsulların siyahısı (olduğu təqdirdə).
Müvafiq elektron portala keçid AMEA-nın rəsmi internet saytında yerləşdirilir.
AMEA 15 iş günü müddətində elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilib-edilməməsi barədə qərar qəbul edir. Tədqiqat infrastrukturu kateqoriyasına aid edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar reyestrə daxil edilir. Reyestrə daxil edilmiş tədqiqat infrastrukturuna onun reyestrə daxil edilməsini təsdiq edən elektron formada arayış verilir. Arayış tədqiqat infrastrukturunun reyestrə daxil edilməsi barədə qərar qəbul edildiyi gündən etibarən 5 iş günü müddətində “Ərizəçinin elektron şəxsi kabineti”ndə yerləşdirilir.
Xatırladaq ki, reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi AMEA tərəfindən həyata keçirilir.