AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası avqustun 5-nə olan kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama saniyədə 335 kilometr olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.
Proqnoz dövründə (5-7 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. “STEREO-A PLASTIC” kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti saniyədə 575 – 600 kilometrə qədər artacaq.
İlk iki gün müsbət qütblülüyə malik geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (7 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək. Ümumən sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15 faizdən, sonuncu gün isə 10 faizdən aşağı qiymətləndirilir.