“Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının şərhi və lüğət (anonim əlyazma)” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub.
Əlyazmalar İnstitutundan NUHÇIXAN-a bildiriblər ki, Nizaminin “Xosrov və Şirin” poeması ilə bağlı, müəllifi bəlli olmayan, təqribən XX əsrin 30-40-cı illərinə aid əlyazmanı transliterasiya edərək geniş “Ön söz” və altyazılarla nəşrə hazırlayan institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Kitaba əlavə olunan “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması haqqında anonim əlyazma” başlıqlı “Ön söz”də Əzizağa Nəcəfzadə əlyazmanın qələmə alınma tarixi, əsərin yazılma səbəbləri, təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələrini açıqlayır və əsərin Azərbaycan nizamişünaslığındakı yeri haqqında məlumat verir.
“Ön söz”dən öyrənirik ki, əlyazma Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının Rəsul Rza tərəfindən edilən bədii tərcüməsinin ilk variantına yazılan şərhlərdən biridir. Kitab poemaya yazılan şərh, əsərdəki tarixi, əfsanəvi adlar və coğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lüğəti olmaqla üç mühüm hissədən ibarətdir.
Nəşrin elmi redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, rəyçisi Əlyazmalar İnstitutunun çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.