DİM 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə yerləşdirmənin nəticələrini elan edib
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u (iş nömrəsinin sonuna "8" rəqəmi əlavə olunur) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 9-da (günün ikinci yarısında) “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.
Tələbə adı qazanmış şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.