Müəllif, kitab, oxucu

A- A A+

Yazıçı yazacağı əsərin ilk rüşeymini təsəvvüründə canlandırmağa başladığı vaxtdan tutmuş, ta onu bitirib əsərə gətirənə qədər demək olar ki, bu əsərin həm yaradıcısı, həm də ilk oxucusu olur. Yazıçı hələ  öz yaradıcılıq laboratoriyasında işlərkən özünün simasında gələcək oxucularını görür, duyur, dərk edir, onların ağıl və hisslərinə necə, hansı yolla ədəbi vasitələrlə təsir etməyin mümkünlüyünü araşdırır. Ədəbi həyatda ancaq öz oxucularının arzu, istək və tələbləri ilə yaxından tanış olan, onlarla daim təmasda olan yaradıcı fikir adamları müvəffəqiyyət qazana bilərlər. Bədii ədəbiyyatın çap repertuarını, onun  tematikasındakı aparıcı tendensiyaları müəyyənləşdirmək üçün oxucu marağını, onun mənəvi-bədii tələbatını tədqiq edib araşdırmaq mühüm məsələdir. Müəllif, kitab, oxucu probleminin həlli hər iki tərəfin kitab nəşri və oxucu tələbatının vəhdət şəklində araşdırılıb öyrənilməsini tələb edir. Oxucu-kitab, yazıçı-oxucu probleminin düzgün həllində bu məsələ, heç şübhəsiz mühüm həyati rol oynayır. Kim nə oxuyur, necə oxuyur, nə üçün oxuyur kimi hazırda çox aktual olan sualların cavabını məhz bu problemin həllindən almaq olar. Cəmiyyətimizin həyat tərzinin inkişaf edib formalaşmasında, onun getdikcə daha da təkmilləşdirilməsində, heç şübhəsiz ki, bədii ədəbiyyat da mühüm rol oynayır.

Çoxmillətli xarici ədəbiyyat, o cümlədən, Azərbaycan ədəbiyyatı adamlarda yüksək ideya-estetik hisslər, insani keyfiyyətlər aşılayaraq onları böyük amal və arzular uğrunda mübarizəyə səsləyir. Həyatımızın daha da gözəlləşməsi və çiçəklənməsi naminə aparılan geniş yaradıcılıq işlərinə səfərbər edir. Digər mədəni-maarif müəssisələri kimi kitabxanalar da bu gün kəndlərimizin mədəni inkişafında, kənd adamlarının istirahət və məişətinin daha da maraqlı və məzmunlu olmasında öz təsirli köməyini göstərməlidir. Bu baxımdan Üstüpü kənd kitabxanasında bir çox işlər görülür. Bu gün biz çalışmalıyıq ki, yeniyetmələrin dünyagörüşünün formalaşması zamanı  onlar müasir dövrün bütün problemlərindən baş çıxarmağı bacarsınlar, xalq təsərrüfatının vacib məsələlərini bilsinlər, dövlətimizin beynəlxalq aləmdə tutduğu mövqeyi başa düşsünlər. Məhz buna görə də biz oxucularla tez-tez təmasda olur, onlarla vaxtaşırı görüşlər təşkil edir və çalışırıq ki, qarşımıza çıxan hər hansı bir problemi zamanında heç bir maneəyə rast gəlmədən həll edək. Belə bir şəraitdə ədəbiyyatımıza maraq oyatmaq, qəzet və jurnallarda dərc edilən  maraqlı materialları geniş kütlələrin nəzərinə çatdırmaq, kitabxanada rəflərdə düzülmüş kitabları arzu və istək ünvanları ilə görüşdürmək üçün çox gözəl zəmin yaradırıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci ildə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamda qeyd olunan kitablar geniş gənclər auditoriyasının maraq göstərdiyi ədəbi nümunələrdir. Həmin kitabların hər biri bizlərin layiqli vətəndaş kimi formalaşmağımızda, ölkəmizə sədaqət ruhunda tərbiyə olunmağımızda mühüm əhəmiyyət daşıyır.

 

Müslüm Məsiyev,

Üstüpü kənd kitabxanasının müdiri

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: