Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə günün tələbidir

A- A A+

XXI əsrin informasiya və texnologiya əsri olması bütün sahələrdə informasiya-kommunikasiya texnologiylarından (İKT) istifadəni zəruri edir. Təhsildə də innovativ texnologiyanın keyfiyyətinin artırılmasına xüsusi yer verildiyi üçün ölkədə təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb. Hazırda əksər məktəblərimiz kompüterlə və elektron lövhələrlə təmin edilibdir.

Lakin şəhər ilə kəndlərdəki məktəblərdə olan informasiya-kommunikasiya texnologiyalarından istifadəni müqayisə etdikdə görürük ki, hələ də kəndlərdə bu sahədə müəllimlərin və şagirdlərin praktiki bacarıqları müqayisəlidir. Bəzi hallarda müəllimin elektron lövhənin imkanlarından geniş istifadə edə bilməməsi, kompüter proqramlarından istifadəsinin zəifliyi istər-istəməz əvvəlki ənənəvi metodlara müraciəti təmin edir və təlim zamanı texnologiyanın praktikliyini və əyaniliyini aşağı salır.

Məktəb bunlardan kənarda qaldıqda, dərs zamanı İKT-dən istifadə edilmədikdə təlimdəki texnoloji bazadan istifadə olunur və müxtəlif yaş hədlərində olan şagirdlər üçün təlim köhnə metodlarla təmin edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2019-cu ildə təşkil olunan «Təhsildə inkişaf və İnnovasiyalar üzrə» 3-cü qrand müsabiqəsinin «İnnovativ müəllimlər» adlı layihəsini hazırlamaqda məqsədim bütün müəllimlərin İKT-dən istifadə bacarıqlarının təkmilləşdirilməsi, kompüter proqramlarından, elektron lövhələrdən istifadənin müasir tələblərə uyğun qurulmasıdır.

Layihə təlim prosesində interaktiv lövhə və virtual laborator proqramlardan istifadə edərək «Müəllim-şagird-dərslik» tədris modelinə texnologiya imkanlarının yüksək şəkildə əlavə edilməsi və tədrisdə şagirdlərin nəzəri-metodoloji biliklərinin praktiki bacarıqlara inteqrasiyasını, təlim zamanı informasiya-kommunikasiya texnologiyalarının rolunun əhəmiyyətini təmin edir. Məqsəd, həmçinin müəllim və şagirdlərin yaradıcı yanaşma, təşəbbüskarlıq, tədris materialını praktiki və rəngarəng edərək, dərketmə qabiliyyətinin daha da artırılması, təhsilin bütün pillələrində texnologiyanın imkanlarından düzgün istifadə vərdişləri aşılamaqdır.

Üç hissədən ibarət olan layihənin I hissəsi vəsaitin hazırlanmasıdır. Bu hissədə müəllimlərə informasiya-kommunikasiya texnologiyaları bacarıqları aşılanacaq, bunun üçün xüsusi vəsait hazırlanacaqdır. Vəsaitdə bütün müəllimlərin elektron lövhələrdən istifadəsinin, prezantasiyaların hazırlanmasının, yeni elektron dərs model nümunələrinin təsviri və izahı veriləcəkdir.

II hissə təlimlərdir. Bu hissədə Şərur rayonunun orta məktəblərində dərs tədris edən və müəyyən meyarlara cavab verən müəllimlərə İKT mövzusunda təlimlər təşkil olunacaq, hazırlanmış xüsusi vəsait bu təlimlərdə müəllimlərə paylanacaqdır. Təlimlərdə əsasən interaktiv lövhə və virtual laborator proqramlarından, İKT-dan tədris prosesində səmərəli istifadə etmək və açıq dərslərin təşkili zamanı kompüterlərdən istifadə mənimsədiləcək.

İTK-nın dərsdə tətbiqi adlanan III hissədə təlimləri uğurla keçirmiş müəllimlər üçün açıq dərslər təşkil olunacaq və dinləniləcək, «Ən yaxşı təqdimatçı müəllim və sinif» nominasiyası üzrə qiymətləndirilmə aparılacaq.

Ümumiyyətlə, layihənin həyata keçirilməsi məktəblərdə informasiya texnologiyalarından geniş istifadə edilməsinə şərait yaradılacaq, bunun üçün müəllimlər müxtəlif kompüter proqramlarından istifadə edəcəklər. Dərs prosesi öyrədilərək və texnologiyanın bütün faydalı imkanlarından istifadə edərək qurulacaq. Şagirdlər müəllimlərin təlimi və tələbi əsasında texnologiyadan olduqca çox istifadə etmək vərdişlərinə yiyələnəcəklər. Texnologiya əsrinin tələbinə uyğun olaraq bütün müəllimlərin innovativ qabiliyyətləri üzə çıxarılacaqdır.

                                                                    

                                                                     Elmin Əsgərov,

Şərur rayonundakı Yengicə kənd tam orta məktəbinin tarix müəllimi

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: