Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin (İB) sədri, professor Əjdər Tağıoğlunun qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İB-dən NUHÇIXAN-a bildirilib ki, kitabın redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyevdir.
Kitabda bildirilir ki, işğalçı rus imperatorluğunun "Mərkəzi Baş kilsəsi"nin himayədarlığı altında Eçmiədzin kilsəsi qədim Naxçıvanın oğuz-türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu "erməni Naxçıvanı" adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Professor Əjdər Tağıoğlu "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərində elmi-tarixi faktlarla bu fikri darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək bu nəticəyə gəlir ki, tarixdə nə "dünya daşqını" baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi bizim eradan əvvəl 5000-ci illərə gedib çıxan şumer-türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, bizim erada "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər.
Müəllif araşdırmasında bu nəticəyə gəlir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrın I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu "erməni Naxçıvanı" iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin "qədim Qafqaz tarixi" qədər mifdir!