Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq. Bu barədə NUHÇIXAN-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Məlumatda qeyd olunur ki, 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, cəmi 381 yer boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Ümumilikdə plan yerləri 96,33 faiz dolub. Qəbul aparılan 55 kollecdən 34-də plan yerləri 100 faiz dolub.
Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı avqustun 23-dən sentyabrın 29-dək davam edəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.