Uğurlarının sevincini yaşayan lisey

A- A A+

Naxçıvanda təhsil son illər böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin təhsil strategiyası muxtar respublikada da uğurla və inamla davam etdirilir. Nəticə isə göz qabağındadır. Hər il yeni məktəb binaları istifadəyə verilir, maddi-texniki bazası möhkəmləndirilir, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı ən yüksək səviyyədə həyata keçirilir. Gələcəyimiz olan uşaqların təhsili və müəllimlər üçün iş şəraiti yaradılır. Rayon məktəbləri ilə yanaşı ucqar dağ və sərhəd kəndlərində də müasir memarlıq üslubunda inşa olunan məktəblər istifadəyə verilib.

Muxtar respublikanın sürətli ­sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi, xüsusən dəqiq elmlər sahəsində tədrisin səviyyəsinin yüksəldilməsini tələb edir. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb.

2016-cı il sentyabrın 15-də - Bilik Günündə istifadəyə verilən lisey tədris və yataqxana korpuslarından ibarətdir. 380 yerlik tədris korpusunun 5-i elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, iki kompüter otağı, müəllimlər otağı, akt zalı, kitabxana, arxiv, idman zalı və bufeti vardır. Liseydə internetlə bağlantısı olan 42 kompüter quraşdırılıb, kitabxanada 6249 kitab, 2000-dən artıq elektron dərslik mövcuddur.

Qeyd edək ki, müasir tədris şəraiti yaradılan liseyə muxtar respublikanın ayrı-ayrı rayonlarından olan istedadlı uşaqlar müsabiqə yolu ilə seçilirlər. Onlar yataqxana və yeməklə təmin edilirlər. Şagirdlərə burada dəqiq fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçilir. Liseydə uşaqların yüksək hazırlıq səviyyəsini təmin etmək üçün müasir maddi-texniki baza mövcuddur.

Təhsil müəssisəsinin 273 yerlik yataqxanası zəruri mebel avadanlıqları ilə təchiz olunub, şagirdlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bütün bunlar isə şagirdlərin sağlam böyümələrinə, hərtərəfli inkişafına şərait yaradan amillərdir.

Yaradılmış şəraitin nəticəsidir ki, ötən 3 tədris ilində liseyin məzunlarının nəticələri ürəkaçan olub. Belə ki, 2016/2017 və 2017/2018-ci tədris illərində ümumilikdə liseyi bitirən 49 məzundan 49-u da ali məktəblərə qəbul olub. Məzunlardan 19-u 500-700 arası bal toplayıb, 2-si “Qızıl” medal, 13-ü isə “Fərqlənmə attestatı”na layiq görülüblər.

Ötən tədris ilində də bu ənənə davam etdirilib, 100 faizlik nəticə qorunub saxlanılıb. Belə ki, liseyi bitirən 27 məzundan 27-si də ali məktəblərə qəbul olub. Məzunlardan 1-i Respublika Fənn Olimpiadasının qalibi olub, 1-i “Qızıl”, 1-i “Gümüş” medala, 1-i “Fərqlənmə attestatı”na layiq görülüb, 9-u isə 500-700 arası bal toplayıb.

Bu gün davamlı olaraq muxtar respublikada təhsil sahəsində həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, təhsilimiz özünün zəngin mütərəqqi ənənələrinə və milli-mənəvi dəyərlərə əsaslanaraq daha da inkişaf edəcəkdir. Qazanılan bütün nailiyyətlər muxtar respublika rəhbərinin təhsilə verdiyi önəm və qayğıdan güc alır. İnanırıq ki, builki qəbul nəticələrinin sevincini yaşayan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin pedaqoji kollektivi qazanılan uğurlarla kifayətlənməyəcək, daim yüksək nəticələrin əldə edilməsinə çalışacaq, yaradılmış imkanlardan maksimum istifadə edərək tədrisin kəmiyyət və keyfiyyətinin daha da yüksəldilməsinə nail olacaqdır.

 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: