Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikasının Konstitusiyasını fars dilinə tərcümə edib.
NUHÇIXAN-ın məlumatına görə, tərcüməni bu ali məktəbin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov həyata keçirib.
Kitabın “Ön söz”ündə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan həqiqətlərinin və ölkənin mədəni-mənəvi irsinin tanıdılması və təbliği məqsədilə bir sıra layihələr həyata keçirdiyini yazıb. Bildirib ki, təhsil müəssisəsi gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Azərbaycan Konstitusiyasının tərcüməsi bu istiqamətdə atılan addımlardan biridir.
Qeyd edək ki, Aİİ kitab nəşrləri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adlı layihəyə Aİİ müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. İnstitut, eyni zamanda, ilahiyyat sahəsində problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmağı və onları nəşr etdirməyi qarşısına məqsəd qoyub.