Muxtar respublikanın ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları üçün hərtərəfli şərait yaradılıb
Yeni dərs ilində muxtar respublika üzrə 124 məktəbdə fəaliyyət göstərən 196 məktəbəhazırlıq qrupunda 3125 uşaq təhsil alacaq.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, muxtar respublika rəhbərinin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində məktəbəhazırlıq qruplarının şəbəkəsi genişlənib, məşğələlərin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılıb, məktəblər pulsuz dərslik və əyani vəsaitlərlə təmin edilib. Təkcə cari tədris ilində məktəbəhazırlıq qrupları üçün 16 mindən artıq dərs, 400-ə yaxın müəllim üçün metodik vəsaitlər gətirilərək ümumtəhsil məktəblərinə çatdırılıb. Bundan əlavə, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin məşğələ prosesini düzgün qurmaları üçün siniflər maqnitli hərflər toplusu və lövhələr, bütün dərsləri əhatə edəcək rəngli tablolarla təchiz edilib. Ümumtəhsil məktəblərində yüksək şəraitin yaradılmasının və elektron lövhəli siniflərin olmasının nəticəsidir ki, müəllimlər məşğələlərdə nümunələri əyani şəkildə göstərə bilirlər.
Hər il oktyabrın 1-dən mayın 31-dək səkkiz ay davam edən məktəbəhazırlıq qruplarında beşyaşlı uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə alışması, məktəb təliminə hazırlığı və bacarıq vərdişlərinin formalaşdırılması prosesi qarşıya bir məqsəd kimi qoyulur və buna nail olunur. Keçirilən məşğələlər uşaqların erkən yaş dövründən məktəb dərslərinə hazırlanmalarına imkan verir. Həftənin ilk 4 günü ərzində, hər gün 2 saat müddətində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşağın məktəbə hazırlıqla əlaqədar psixoloji dayanıqlılığını artırmaq, əhatə olunduğu aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.
Bu qruplarda gündəlik 3 məşğələ təşkil olunur. Hər məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olur. Məktəbəhazırlıq uşağın təlim prosesinə uyğunlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqlar bu prosesi keçdikdən sonra daha aktiv olmaqla yanaşı, sərbəst fikir söyləməyi, özlərini bu və ya digər şəkildə ifadə etməyi bacarır, məktəbə və məktəbdaxili nizam-intizama alışırlar.
Məktəbəhazırlıq təhsilin təməli və hər bir təhsilalanın gələcəyinin təminatı olduğundan Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin bu istiqamətdə fəaliyyəti diqqətdə saxlanılır. Bu qruplarda məşğələlər yalnız ixtisaslı vә iş təcrübəsinə malik, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış müəllimlər tərəfindən tədris edilir. Əvvəlki dövrlərdə bu qruplarda müəllimlərin seçilməsi pərakəndə xarakter daşıyırdısa, bu problem 2018-2019-cu tədris ilinin əvvəlində Təhsil Nazirliyinin kollegiya iclasının qərarı ilə aradan qaldırılıb. Həmin qərara əsasən məşğələlər ötən tədris ilində dördüncü sinifdə dərs aparmış müəllimlər tərəfindən tədris olunur. Varislik prinsipi gözlənildiyi halda beşyaşlılar və onların valideynləri artıq bilirlər ki, məktəbəhazırlıq qrupunun müəllimi həm də ibtidai təhsil pilləsini əhatə edən 4 il ərzində bu uşaqlara dərs keçəcək. Belə olan halda uşaqlar məktəbəhazırlıq qruplarında gələcək sinif müəllimlərinə uyğunlaşa bilir və müəllimlər də hər uşağın psixoloji və mənəvi keyfiyyətlərinə qabaqcadan bələd olaraq gələcəkdə şagirdlərə hansı formada yanaşma tərzini əvvəlcədən müəyyənləşdirirlər. Onlar şagirdi olacaq bu balacaları, şagirdlər isə müəllimini daha yaxından tanımaq imkanı əldə edir, ünsiyyətdə çətinlik çəkmirlər. Eyni zamanda məşğələ zamanı hər bir uşağın fərdi xüsusiyyətini öyrənmək müəllimə növbəti ildə dərs deyəcəyi həmin şagirdin potensialının, bilik və bacarıqlarının üzə çıxarılması üçün də vaxt qazandırır.
Onu da xüsusi vurğulamaq yerinə düşər ki, bu gün muxtar respublikanın ən ucqar guşələrində, vaxtilə əlçatmaz hesab olunan dağ kəndlərində belə, məktəb binalarının yenidən qurulması və onların maddi-texniki bazalarının təkmilləşdirilməsi dövlətimizin təhsilə prioritet sahə kimi yanaşmasından xəbər verir. Zaman keçdikcə bu istiqamətdə görülən işlərin miqyası daha da böyüyür və nəticə etibarilə, təhsilimizin keyfiyyəti yüksəlir, bacarıqlı, savadlı, hərtərəfli dünyagörüşünə malik gənclər yetişir. Təbii ki, hər bir işdə olduğu kimi, təhsildə də təməlin necə qoyulması onun gələcək inkişafında başlıca şərt hesab olunur. Bu baxımdan məktəbəqədər təhsilin düzgün qurulması, məktəbəhazırlıq qruplarının səmərəli təşkili gələcəkdə bu sahədə daha böyük irəliləyişlərin olacağından xəbər verir.