Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində 2748 (N14E22, Bxo / бета) fəal oblastı müşahidə olunsa da stabildir. Peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) aşkar olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində çox yüksək səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.
Avqustun 28-də əmələ gələn tac dəliyinin Yerə doğru yönəlməsi və nəticədə gözlənildiyi kimi, CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən Günəş küləyi parametrlərində kəskin artma müşahidə edilib. Günəş küləyinin sürəti 600-775 km/san intervalında dəyişib, maksimal qiymət isə sentyabrın 1-də /01.06 UTC-də 835 km/san olub. Ümumi maqnit sahəsi ortalama 4-9 nT-ya intervalında, Bz komponenti isə +/- 8 intervalında dəyişib. Phi bucağı əsasən müsbət sektorda qərarlaşıb.
Geomaqnit sahə son 24 saat ərzində G2 (Moderate) səviyyəli maqnit qasırğasının təsiri altında həyəcanlanmış halda olub (Kp=6).
Sentyabrın 2-dən 4-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.
Sentyabrın 2-də Günəş küləyi parametrlərinin CH HSS effektinin təsiri altında sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (sentyabrın 3-də və 4-də) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.
Sentyabrın 2-də G1 səviyyəli (Kp=5) maqnit qasırğasının davam edəcəyi gözlənilir. Sonuncu iki proqnoz günləri isə CH HSS effekti təsiri azalacağından nisbətən sabit şərait (Kp=3, 4) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı sentyabrın 2-də 20 faizdən, 3-də və 4-də isə uyğun olaraq 5 faizdən və 1 faizdən aşağı qiymətləndirilir.
Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlaşmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıq, yuxusuzluq, stres və depressiya tipli hissiyyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmamaq lazımdır, çoxlu təmiz su içmək faydalıdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.