NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün üç günlük elmi-metodiki seminarlara start verilib.
Bu münasibətlə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 avqust tarixli qərarı ilə ümumtəhsil məktəblərində məktəbə hazırlıq qrupları yaradılıb. Məktəbə hazırlıq qruplarının muxtar respublikada tətbiq edilməsi, gələcək birinci sinif şagirdlərinin nailiyyətlərinin üzə çıxarılması üçün zəmin yaradıb.
Ovni Muradov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təlim prosesində müəllimlərin əyanilikdən, o cümlədən, elektron lövhələrdən, müasir təlim metodlarından daha da səmərəli istifadəsini təmin etmək məqsədilə təlim kursları keçirilir. Şəhər və Rayon Təhsil şöbələrinin qabaqcıl ibtidai sinif müəllimləri tərəfindən tədris olunacaq təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodiki sahədə təkliflərin verilməsinə, ayrı-ayrı mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübənin öyrənilməsi həyata keçiriləcək.
Tədbirdə müəllimlərin rəy və təklifləri də nəzərə alınıb, suallar ətraflı cavablandırılıb.
Sonra Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında 3 günlük seminarlara start verilib. Seminarlarda şəhər və rayon Təhsil şöbələrinin əməkdaşları, ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında tədris aparacaq ibtidai sinif müəllimləri iştirak edirlər.
Seminar zamanı məktəbəhazırlıq qruplarında şagirdlərin fiziki hazırlığının inkişaf etdirilməsi, şagirdlərdə şəxsiyyətyönümlü hazırlığın formalaşdırılması, beş yaşlı uşaqlarda əqli qabiliyyətin və nitqin inkişaf xüsusiyyətləri, didaktik oyunların uşaqların inkişafında rolu, eyni zamanda şagirdlərin estetik və yaradıcılq qabiliyyətlərinin inkişaf etdirilməsi, ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları haqqında müəllimlərə ətraflı məlumatlar verilib.
Cavid Səfərli