Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.
Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iştirak etmək üçün 3097 abituriyent ərizə təqdim edib. Onlardan 1928-i orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Qəbul olunanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcək. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 4-dən DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/). Qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.