Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar sentyabrın 11-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
Abituriyentlər sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Xatırladaq ki, 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqəyə 3097 abituriyent ərizə vermişdi. Onlardan 1928-i orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.