İmtahan materialların hazırlanmasında təhsil müəssisələri və AMEA-nın 100-dək təcrübəli əməkdaşı iştirak edib
Qəbul kampaniyası kütləvi proses olduğuna görə, bu prosesin təşkilinə Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşlarından əlavə müxtəlif dövlət qurumlarının xeyli sayda nümayəndəsi də cəlb edilib. İmtahanların məzmununa aid materialların hazırlanmasında və ekspertizasında isə təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 100-dək təcrübəli əməkdaşı iştirak edib.
NUHÇIXAN xəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik hesabatında yer alıb.
Statistik göstəricilərə əsasən, müxtəlif təyinatlı imtahanlarda ümumilikdə respublikanın ümumtəhsil müəssisələrinin 8673 müəllimi nəzarətçi, ayrı-ayrı dövlət strukturlarından 800-dən çox mütəxəssis isə imtahan rəhbəri qismində iştirak edib. Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin edib. Daxili İşlər Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Səhiyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşəkarlığı imtahanların mütəşəkkil keçirilməsində mühüm rol oynayıb.
Hər imtahan gününün sonunda “Space” televiziyasının canlı efirində imtahana düşən test tapşırıqlarının məzmunu ilə bağlı abituriyentlərin və valideynlərin sorğuları DİM-in ekspertləri tərəfindən cavablandırılıb, qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının bölmələr və variantlar üzrə doğru cavabları da birbaşa efirə verilib.