“Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı Katherine Marroya təqdim olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunan Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiya layihəsinin rəhbəri Katherine Marroya nişanın təqdimetmə mərasimi keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətindən bəhs edərək bildirib ki, ekspedisiyanın muxtar respublikanın bir neçə qədim yaşayış yerində apardığı tədqiqatlar nəticəsində Neolit, Eneolit və Tunc dövrünə aid I və II Kültəpə, Ovçulartəpəsi, Oğlanqala, Duzdağ, Uçan ağıl, Şorsu və digər abidələrdən qədim, orta və bugünkü tariximizin yazılması üçün əhəmiyyətli tarixi materiallar əldə edilib. Araşdırmaların nəticələri ilə bağlı çoxlu sayda kitablar, monoqrafiyalar, albom-kitablar, jurnallar, buklet və elmi məqalələr çap edilib, məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb. Bu mühüm tədqiqat işlərinin aparılmasında Katherine Marro da yaxından iştirak edib, mühüm arxeoloji nəticələrin əldə olunmasında yüksək xidmətlər göstərib.
Sonra bölmə sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanını Katherine Marroya təqdim edib, ona fəaliyyətində uğurlar arzulayaraq öz təbriklərini çatdırıb.
Katherine Marroya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə əməyinə göstərdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Vəli Baxşəliyev və Fəxrəddin Səfərli çıxış edərək bildiriblər ki, bölmə əməkdaşları və arxeoloqlar daim öz üzərlərində dövlətin qayğısını hiss edirlər. Katherine Marronun “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilməsi də bu qayğının növbəti təzahürüdür.
Röyal Kərimov