Sentyabrın 8-i bütün dünyada Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur.
NUHÇIXAN xəbər verir ki, 2019-cu ildə Beynəlxalq Savadlılıq Günü “Savadlılıq və çoxdillilik” mövzusuna həsr edilib.
Bu əlamətdar gün münasibətilə UNESKO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, dünyada təxminən 7000 canlı dil var. Gündəlik həyatda birdən artıq dilin istifadəsi geniş yayılıb. Ölkələrarası və icmalararası dialoqlarda bir neçə dildən istifadə olunması nəticəsində azsaylı xalqların və bir sıra ölkələrdə yerli əhalinin dilləri yox olmaq təhlükəsi ilə qarşılaşıb. Bu tendensiya savadlılığın yayılmasında da öz əksini tapıb. Savadlılığın yayılmasına kömək etmək müxtəlif siyasi və praktik aspektlərə diqqət yetirməyi nəzərdə tutur. Belə ki, ikinci dili və ya xarici dili öyrənənədək ana dilində savadlı bazanın olmasının böyük üstünlükləri var. Lakin dünya əhalisinin 40 faizinin danışdığı və başa düşdüyü dildə danışmaq imkanı yoxdur. Bu vəziyyəti aradan qaldırmaq üçün siyasi və praktik metodlar dil və mədəni mühitə uyğunlaşdırılmalı, savadlılığı çox sayda dillərdə genişləndirməyə şərait yaradılmalı və rəqəmsal texnologiyaların potensialı öyrənilməlidir.
Müraciətin geniş mətni ilə UNESKO-nun saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, UNESKO tərəfindən 1965-ci ildə təsis olunan Beynəlxalq Savadlılıq Gününün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalılığına diqqəti cəlb etməkdir.
Sentyabrın 9-da Beynəlxalq Savadlılıq Günü münasibətilə Parisdə konfrans keçiriləcək. Ana dilini bilmək və yaşatmaq, çoxdilliliyi təbliğ etmək konfransın əsas məqsədlərindəndir.
Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.