Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanları başa çatıb

A- A A+

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün iyunun 21-də elan edilən müsabiqənin test imtahanları 14 avqust - 4 sentyabr tarixlərdə keçirilib .

Müsabiqəyə 302 vakant vəzifə çıxarılıb, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət edib. Həmin şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyi yoxlanılıb və 599 namizəd imtahana buraxılıb. Test imtahanlarında 576 namizəd iştirak edib, 235 nəfər keçid balını toplayıb.

Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 olmaqla ümumilikdə 80 sual təqdim edilib, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilib. Qanunvericiliyə əsasən, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal), təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənləri üzrə test tapşırıqlarının 50 faizini (40 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilirlər. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan şəxslər müvafiq vəzifələrə təyin olunacaqlar. Keçid balını toplamış namizədlərin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilib.

Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: