Respublikanın müxtəlif bölgələrindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri üzrə aparılan statistik araşdırmalar göstərir ki, Ordubad rayonu abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizi daha yüksəkdir. O da qeyd edilməlidir ki, son altı ildə, bir qayda olaraq, Bakı şəhəri və Ordubad rayonu abituriyentlərinin qəbulolma faizi yüksək olub.
NUHÇIXAN xəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik təhlilində yer alıb.
Hesabatda bildirilir ki, son illər qəbul imtahanlarında iştirak edən və qəbul olunanlar arasında kənd rayonlarından olan abituriyentlərin sayı artıb. Belə ki, 2011-ci ildə kənd rayonlarından olan abituriyentlərin sayı imtahanda iştirak edən abituriyentlər içərisində 52.76 faiz, qəbul olan abituriyentlər içərisində isə 45.59 faiz idisə, artıq 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 54.67 faiz və 50.05 faizə, 2016-cı ildə 55.51 faiz və 52.13 faizə, 2017-ci ildə 57.13 faiz və 52.67 faizə, 2018-ci ildə 58.18 faiz və 54.15 faizə bərabər olub.