AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyası Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən türk dilində nəşr edilib.
Kitabda Oğuz dilləri ailəsinə daxil olan Azərbaycan dilinin inkişaf tarixindən bəhs edilir, həmçinin ümumtürk dilləri kontekstində qədim türk abidələri, müasir türk dilləri və onların dialektləri müqayisəli şəkildə tədqiqata cəlb edilib. Zəngin dialektoloji materiallar əsasında Naxçıvan və Doğu Anadolu dialektlərinin ortaq türk mədəniyyətində rolu araşdırılır və faktlarla sübuta yetirilir.
Monoqrafiyada Naxçıvan dialekt və şivələrindəki termin səciyyəli sözlərin müqayisəli tədqiqi göstərir ki, qədim dil elementləri ən çox bu ərazidə qorunub saxlanılıb. Vəsait Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçiliyimiz, şifahi söz sənətimiz, bütünlükdə xalqımızın soy kökü, etnoqrafiyası, tarixi üçün faydalıdır.
Qeyd edək ki, Azərbaycan, türk, rus və ingilis dillərində olan elmi ədəbiyyatlardan istifadə edilən və aparılan tədqiqatların nəticəsinin türk dili ilə yanaşı ingilis dilində verilməsi əsərin istifadə dairəsini genişləndirməklə yanaşı beynəlxalq aləmə çıxmasına da imkan yaradır.
Nəşr dialektologiya fənninin tədrisi, ali məktəb tələbələri, müəllimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.