Tanınmış alim, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərovun “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” kitabı çapdan çıxıb.
NUHÇIXAN xəbər verir ki, “Turxan” nəşriyyatında Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi tarix üzrə elmlər doktoru Eynulla Mədətlidir.
Müəllif Osmanlı dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə qardaşlıq köməyini, 1918-ci il iyunun 4-də türk qoşunları tərəfindən rus işğalından azad olunan Batum şəhərində Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan “Dostluq” müqaviləsi əsasında türk ordusunun yenicə qurulmağa başlayan Azərbaycan hərbi hissələri ilə birlikdə xilaskarlıq hərəkatını xronoloji ardıcıllıqla, yeni sənədlər və materiallara əsaslanmaqla ətraflı şərh edib. Kitabda gənc və vətənpərvər qəhrəman, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın rəhbərliyində olan beşinci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəyin sonralar dilə gətirdiyi ürək sözləri epiqraf olaraq verilib: “Qafqaz İslam Ordusunun dörd aydan bəri Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkətin torpağı üzərində - Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmir yolu boyunda, Qarabağda və Kür nəhri sahillərində xalqın ziyarətgah yerinə çevirdiyi bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur. Bunlar irqinin imdadına gələn Anadolu mehmetçiklərinin mübarək məzarlarıdır. Əksər yerlərdə mehmetçiklə bərabər baş-başa yatan azəri türkləri də vardır. Türk zabit və əsgərləri Azərbaycanda əmsalsız bir fəraqəti-nəfsilə və yüksək bir duyğu ilə çalışmış və çarpışmışlar. Eyni irqə mənsub bu iki millət arasında rabitə və münasibət axıdılan qanlara bir qat daha rəsanət peyda etmişdir. Əminəm ki, Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda yapdıqları çətin və qanlı müharibələr və mücadilələr nəsildən-nəslə nəql ediləcək və unudulmaz bir dastan halında qalacaqdır”.
Kitabda vurğulanır ki, yalnız qardaş Türkiyənin o zaman göstərdiyi hərbi və mənəvi kömək sayəsində Azərbaycan xalqının müsəlman Şərqində meydana gətirdiyi ilk demokratik respublikasını qoruyub saxlamaq, bütün Azərbaycan ərazisində onun hakimiyyətini bərqərar etmək, Bakını azad edib hökuməti Gəncədən Bakıya köçürmək mümkün oldu.
Müəllifin yığcam, lakin tarixi faktlara və sənədlərə söykənən bu dəyərli əsərinə Batum konfransında Osmanlı dövləti və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti arasında 1918-ci il iyunun 4-də imzalanan müqavilənin mətnini əlavə etməsi həmin dövrdə bölgədə yaranmış ümumi geosiyasi vəziyyətin mənzərəsini, Osmanlı dövləti ilə Cənubi Qafqazdakı yeni respublikaların sərhədlərini, siyasi, iqtisadi və insani münasibətlərini aydın təsəvvür etməyə imkan yaradır.
Kitabda keçən il sentyabrın 15-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki qardaş ölkənin silahlı qüvvələrinin hissələrinin birgə hərbi keçid-nümayişinin keçirilməsi 100 il əvvəlki xilaskarlıq yürüşünün dəyərli və unudulmaz olduğuna bariz nümunə kimi vurğulanıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təntənəsi olan həmin möhtəşəm paradda Prezident İlham Əliyev demişdi: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.
“Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” kitabı Cümhuriyyət tariximizin ən şərəfli səhifələrindən sayılan bu xilaskarlıq hərəkatının tarixi əhəmiyyətini, onun günümüz üçün də müstəsna dəyərini parlaq şəkildə ortaya qoyur və 1918-ci il 15 sentyabr tarixindəki qəhrəmanlığın Milli Ordumuzun qələbə əzminin daha da yüksəlməsində, Azərbaycan əsgərinin Vətənin bütövlüyü üçün hər cür fədakarlığa hazır olmasında ən bariz nümunə kimi göstərir.