"Naxçıvan dastanı" miniatür kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri, şair Elxan Yurdoğlunun Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan dastanı” miniatür kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Yazıçılar Birliyinin fəaliyyəti, o cümlədən ədəbiyyatımızın və mədəniyyətimizin inkişafı üçün hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, çap olunmuş əsərlərin həm sayı, həm də keyfiyyəti xeyli artıb. Naxçıvanın tarixinə və müasir inkişafına həsr olunmuş onlarla bədii nümunələr yaradılıb. Son illər şair və yazıçıların, filoloq alimlərin minə yaxın kitabı nəşr olunub, ədəbi almanaxlar oxucuların ixtiyarına verilib. Muxtar respublikada ədəbiyyata göstərilən qayğı təkcə kitab çapı ilə məhdudlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar siyahısı”nın təsdiq edilməsi, həmin kitabların “Əcəmi” Nəşriyyatında yenidən çap olunması, ümumtəhsil məktəblərində və bütün kitabxanalarda onlardan ibarət guşələrin yaradılması Naxçıvanda kitab mütaliəsinin inkişaf etdirilməsinə mühüm töhfə  verib.

Ülvi Hüseynli vurğulayıb ki, muxtar respublikada şair və yazıçılar üçün yaradılan hərtərəfli yaradıcılıq şəraiti nəşriyyat işinin günün tələbləri səviyyəsində qurulması ilə də xarakterikdir. Bu gün Ali Məclis Sədrinin qayğısı ilə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi müasir çap texnologiyaları ilə təchiz olunub, ən müasir çap avadanlıqları quraşdırılıb. Bütün növ kitabların hazırlanmasında hazırda dünyada tətbiq olunan ən müasir  çap avadanlıqlarından və texnologiyalarından istifadə olunur. Yüksək poliqrafik keyfiyyətə malik olan bu avadanlıqlar muxtar respublikada nəşriyyat işinin keyfiyyətini xeyli yaxşılaşdırıb. Şair Elxan Yurdoğlunun “Naxçıvan dastanı” poeması da “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində ilk dəfə miniatür kitab şəklində yığılıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Sədri Asim Yadigar,  AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov  çıxışlarında “Naxçıvan dastanı” poemasından,  “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin əməkdaşı Esmira Heydərova isə ilk miniatür kitabın ərsəyə gəlməsində kollektivin əməyindən danışıb.

Müəllif Elxan Yurdoğlu kitabın nəşri üçün “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yaradılmış hərtərəfli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və kitabın çapında, eyni zamanda təqdimatında zəhməti olanlara minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Aytən Cəfərova və müəllifin atası Qadir Məmmədov müəllifi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil olunmuş sərgiyə baxıblar.

Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: