Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib - FOTOLAR
Kazanda Tatarıstan Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yaradılmasının 80 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, beynəlxalq konfransların və dəyirmi masanın işində Rusiyadan və yaxın xarici ölkələrdən tanınmış linqvist-alimlər və sənətşünaslar iştirak ediblər. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli də fəxri qonaqlar arasında olub.
Akademik Kazana səfəri çərçivəsində, həmçinin Tatarıstan Respublikasının Dövlət Şurasının təhsil, mədəniyyət və milli məsələlər üzrə Komitəsinin sədri, tatar yazıçısı və şairi Razil Valeyevlə və respublikanın digər tanınmış ictimai və dövlət xadimləri ilə görüşüb.
“Tatarıstan Azərbaycan üçün qardaş respublikadır və tatar xalqı özünün xarakteri və mənəvi dəyərlərinə görə Azərbaycan xalqına yaxındır. Bizi təkcə dostluq deyil, həm də qardaşlıq münasibətləri birləşdirir”, - deyə AMEA-nın vitse-prezidenti qeyd edib.
Akademik həmvətənlərə, Azərbaycan diasporunun nümayəndələrinə salamlarını çatdırıb, həmçinin Tatarıstan Respublikasının “Azərbaycan” milli mədəni muxtariyyətinin rəhbərliyinə onun sədri Bəşir Bəşirovun timsalında Tatarıstan və Azərbaycan arasında dostluq körpüsünün möhkəmlənməsinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib.
Fəxri qonaq üçün Kazanın tarixi yerlərinə - Köhnə Tatar qəsəbəsinə, Tatar malikanəsinə, Nəriman Nərimanov küçəsinə ekskursiya təşkil olunub.
R.Valeyevin dəvəti ilə Abdulla Tuqay adına Ədəbiyyat Muzeyində təşkil olunan görüşdə “Tatarıstan” İctimai Birliyi sədrinin müavini Emin Ramazanov da iştirak edib. O, azərbaycanlı politoloq, tarixçi, publisist, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayevin “Abdulla Tuqayın çoxcəhətliliyi və əbədi uçuş” kitabının Tatarıstanın Xalqlar Dostluğu Evində bu yaxınlarda keçirilən təqdimatından bəhs edib.
Ədəbiyyat Muzeyi təkcə tatar xalq şairinin həyat və yaradıcılığından deyil, həm də XX əsrin məşhur şəxsiyyətləri barədə də məlumat verir.
“Azərbaycandan olan qonağımıza Abdulla Tuqay barədə Bakıda çap olunan kitabları göstərmək mənə çox xoş idi.
Bir çoxlarının qeyd etdiyi kimi, Abdulla Tuqay təkcə tatar şairi deyil, həm də türk şairidir. Buna görə də təsadüfi deyil ki, bizim muzeyimizdə tez-tez Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və digər dövlətlərdən qonaqlar olur. Onlar dahi tatar şairi barədə ölkələrində işıq üzü görən kitabları bizə hədiyyə gətirirlər”, - deyə muzeyin direktoru Gözəl Tuxvatova bildirib.