Azərbaycan Mİlli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Tatarıstan Respublikasının paytaxtı Kazana səfəri zamanı Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salaxovla görüşüb.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, görüşdə iki ölkənin elmlər akademiyaları arasında bir il əvvəl imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq, humanitar və ictimai elmlər sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina ilə görüşən AMEA-nın vitse-prezidenti ədəbiyyat sahəsində ortaq layihələrdə iştirak və ədəbi cərəyanların öyrənilməsində təcrübə mübadiləsi barədə danışıqlar aparıb.
Kazan səfəri çərçivəsində İsa Həbibbəyli Tatarıstan Respublikası Dövlət Şurasının Elm, təhsil, mədəniyyət və milli məsələlər komitəsinin sədri, Xalq şairi Razil Valeyevlə görüşüb, eləcə də Tatarıstan ədəbiyyatının klassiki Abdulla Tokayın ev-muzeyində olub.