Azərbaycan faunasının informasiya sistemi yaradılacaq

A- A A+

Azərbaycanın zəngin faunası var. Ümumilikdə götürdükdə Qafqaz faunasının 70 faizi Azərbaycanda izlənilir. Müasir dövr informasiya əsridir, informasiya cəmiyyətində yaşayırıq. Öz faunamız haqqında dolğun, dəqiq informasiyaları dünya üçün əlçatan etmək zamanın tələbidir. Bu məqsədlə də Azərbaycan faunasının informasiya sistemini yaradırıq.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

O bildirib ki, Zoologiya İnstitutu bununla əlaqədar AMEA-nın Rəyasət Heyətinə müraciət etdi. Akademiya təklifimizi müsbət qarşıladı.

Elman Yusifov vurğulayıb ki, informasiya sisteminin yaradılması çox vacib məsələdir. Faunamızın elə növü var ki, region olaraq qonşu ölkələrimizdə də var. Həmin heyvanın yayıldığı yerləri axtarışa verdikdə qonşu ölkələrin adları çıxır, Azərbaycanın adı çıxmır. Bunun qarşısını almaq, ölkəmizin faunasını dünyaya tanıtmaq üçün biz də sakit dayanmamalıyıq.

İnstitutda bu istiqamətdə gərgin iş gedir. İş prosesində müəyyən çətinliklər də yaşanır. Məsələn, bir quş müxtəlif adlarla adlandırılıb. Ona vahid ad verilməsi və sistemə salınması heç də asan proses deyil. Lakin bu sahədə də Azərbaycan alimləri həmrəylik göstərirlər. Quşların sistemləşdirilməsində Zoologiya İnstitutunun ornitoloqları, Bakı Dövlət Universitetinin aidiyyəti əməkdaşları və AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun alimləri birgə çalışırlar. Müəyyən sahələrdə sistemləşdirmə artıq yekunlaşıb. Bu gün biz dəqiq olaraq deyə bilərik ki, faunamıza 700 onurğalı daxildir. Həşəratların bu günə olan sayı 8 mindir, amma proses hələ davam edir. Əvvəlki alimlər həşəratların sayını 25 min göstəriblər. Bizim təxmin etdiyimizə görə, bu say 40 minə çatacaq.

İnanıram ki, biz işimizin öhdəsindən məsuliyyətlə gələcəyik, tezliklə faunamızın informasiya sistemini istifadəyə verəcəyik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: