İnsana insanlığın sirlərini öyrədən əsər – “Qutatqu bilik”

A- A A+

Mənəvi aləmin zənginləşməsində, həyat mövqeyinin möhkəmlənməsində kitablar mühüm rol oynayır. Kitablar oxucunun görüş dairəsini, dünyaya baxış bucağını genişləndirir. Bununla yanaşı, kitab seçimi də diqqət tələb edən məsələdir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitabların əhəmiyyəti çox böyükdür. Bu kitablar yeniyetmə və gənclərin şüurlu həyat yaşamasına, peşə istiqamətini düzgün müəyyənləşdirməsinə kömək edir, insana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu anlamasına şərait yaradır. Çünki kitab insana yalnız özü üçün deyil, başqaları üçün də yaşamağı, işləməyi öyrədir. Bu mənada, oxunması zəruri olan kitabların siyahısı, həqiqətən, çox həssaslıqla hazırlanmış, bu siyahıya daxil edilən kitablar çox düzgün seçilmişdir.

Oxunması zəruri olan kitabların siyahısında yer alan alim və mütəfəkkir, əxlaq və ədəb carçısı Balasaqunlu Yusifin “Qutatqu bilik” (“Xoşbəxtliyə aparan elm”) əsəri də insanlara, xüsusilə gənclərə əxlaqi saflıq, mənəvi dəyər, humanizm, ədalət, şərəf və ləyaqət, sadəlik və təvazökarlıq aşılayır. Balasaqunlu Yusif  “Qutatqu bilik” əsərini Qaraxani hökmdarı Süleyman Arslan Qaraxana həsr edib. Xaqan bu əsəri yüksək qiymətləndirərək müəllifə “Xas Hacib” fəxri adı verib. Əsərdə vicdanlılıq, əməksevərlik, qəhrəmanlıq, mərdlik, alicənablıq təbliğ edilir, sədaqət və səmimiyyət, dostluq və yoldaşlıq, dəyanət və ehtiram, vədə əməl etmək, dar gündə başqalarına kömək etmək, vətənpərvərlik, özündən böyüklərə, valideynlərə hörmək etmək, özündən kiçiklərə qayğı ilə yanaşmaq, ağlın gücü, alimlərə hörmət haqqında dəyərli fikirlər söylənilir.

85 bölmədən ibarət olan “Qutatqu bilik” əsərində biz, əsasən, müəllifin ailə tərbiyəsi məsələlərində valideynlərə hörmət, uşaq tərbiyəsinə diqqət kimi görüşlərinə toxunmaq istərdik. Balasaqunlu Yusif ailə qurmaq fikrində olan gənclərə: “Öz babınla evlən!” – deyə məsləhət verir. Evlənərkən kökü, nəcabəti yaxşı olan, iffətli, namuslu, təmiz ailədən qız almağı tövsiyə edir. “Beləsi səni sevər, səndən başqasını tanımaz, yaramaz hərəkətə yol verməz”, – deyir. Qeyd edir ki, evlənən zaman özündən aşağı təbəqədən qız al. Onda ömrün şad-xürrəmliklə keçər. Var-dövlət sahibi olan qız alsan, ömrünə yara vurmuş olarsan. Bu yaranın da yeri həmişə göynəyər.

Müdriklər müdriki yazır:

Evlənmək istəsən, mənə qulaq ver.

Varlı qızla evlənməyi arzu edib,

Ona əsir olma, ey bilikli və seçkin insan.

O, malına güvənərək dilini uzadar,

Çox şey istər, sən nə edərsən?

Nəcabətlilər yüksəkdən danışırlar,

Sən qadın əsiri olma.

Bizim adət-ənənələrimizə görə, “ər” ailə başçısı funksiyasını daşıyır. Bununla da münasibətlərin mənəvi xarakteri müəyyənləşir. Ər – mənəvi anlayışdır. Ər öz halal zəhməti ilə yaşamağa üstünlük verir. Təbii ki, “ər” ailəni məhəbbət yox, mənafe üzərində qurarsa, o ailə firavan ömür sürə bilməyəcək. Balasaqunlu Yusif yazır ki, ailə qurmaq istəyən gənclərdən bəziləri varlı ailədən evlənmək istər, əsil-nəcabətli qadın istər, onun nəcabəti ilə fəxr edər. Bir başqası da namuslu birisi ilə evlənərək özünü xoşbəxt etmək istər. Şair sonuncu gənci “mərd igid” adlandırır:

Yaxşı və namuslu bir qadın tapsan,

Dərhal evlən, ey gözəl insan.

Var istəsən, o, qənaət edər,

Səni varlandırar, üzünü güldürər.

Əxlaqı dürüst olan adam gözəl görünür,

Qadının gözəlliyi hərəkətindədir, bunu bilən bilir.

Belə bir qadın tapsan,

Fürsəti qaçırma, ey mərd igid.

Bir gün gənc ana məşhur filosof və pedaqoq Aristotelə müraciət edərək ondan öz uşağını düzgün tərbiyə etmək üçün  məsləhət istəyir. Aristotel uşağın nə vaxt doğulduğunu anadan soruşur. Ana uşağın üç günlük olduğunu bildirdikdə filosof başını bulayaraq: “Siz artıq çox gecikmisiniz. Gərək uşağın tərbiyəsinə o, anadan olduğu saatdan başlayardınız!” – deyir. Balasaqunlu Yusif isə uşağın hələ ana bətnində olanda düzgün tərbiyə olunmasının zəruri olduğunu bildirir:

Ana qarnında yaranan tərbiyə

Ancaq qara yer altında insanı tərk edər,

Ey müdrik insan!

Mütəfəkkir alim ailə tərbiyəsinə diqqət yetirərkən onu tərbiyənin mühüm amili kimi çox yüksək qiymətləndirir. O, valideynin uşaq tərbiyə etməsi işini xalq qarşısında xidməti borc hesab edir. Oğulu, qızı gözün nuru hesab edən alim oğul-qız üzərində olan diqqət və məsuliyyəti də dibsiz dənizə bənzədir. Sual edir ki, arvad, oğul-qız sahibi olan kişinin yuxusu gələrmi?! Belə məsuliyyət sahibi olan kişinin al bənizi sarı olmazmı?! Oğul-qız, doğrudan da, gözün nurudur.

Oğul-qız dərdi dibsiz bir dənizdir,

Oğul-qız al bənizi sarı edər.

Kimin arvadı, oğlu-qızı varsa,

O kişinin necə yuxusu gələr?

Oğul-qızdan ötrü ata əziyyət çəkər.

Balasaqunlu Yusif valideynlərə həyatlarının hər bir anında övladlarına yaxşı nümunə olmalarını tələb edir. Çünki uşaq valideynin həyatında baş verən ən kiçik dəyişikliyi belə görür, hiss edir, hətta valideyn fikrinin bütün dönüşləri gözə görünməyən yollarla uşağa çatır. Məhz buna görə hər bir valideyn özünə qarşı tələbkar olmalıdır.

Balasaqunlu Yusif bildirir ki, hər bir valideyn əxlaqi keyfiyyətləri ilə uşağına gözəl nümunələr göstərməlidir. Çünki bütün doğulmuşların tərbiyəyə ehtiyacı var. Əgər uşaq kiçik yaşlarından tərbiyə görməsə, günah artıq uşağın deyil, valideynindir. Mütəfəkkir alim ərköyünlüyü uşaqdan birdəfəlik uzaq tutmağı məsləhət bilir: “Əgər oğulun atası alim adamdırsa, oğlunu yaxşı tərbiyə etməlidir. Kimin oğlu, qızı ərköyün olsa, onun payına ağlamaq düşər. Oğul-qızın xasiyyəti, əməli pis olsa, bu atanın pisliyidir, uşağın deyil”.

Əsərdə vurğulanır ki, ata oğluna sərt tərbiyə verməlidir. Balasaqunlu Yusifin “sərt tərbiyə” ifadəsi at çapmaq, kaman çəkmək, kəmənd atmaq, güləşmək, şahmat oynamaq, üzgüçülük öyrətmək kimi başa düşülməlidir. Onun fikrincə ata öz oğluna (oğlanlarına) həm də kişi qeyrəti, dəyanət, cəsurluq, igidlik, mərdlik, çətinliklərə sinə gərə bilmək, iradə gücü, özünə sahibolma gücü, sözübütövlük və bu kimi nəcib keyfiyyətlər aşılamalıdır:

Atanın oğlu üzərində əməyi olsa,

O, ata tərbiyəsi ilə yaxşı yetişər.

Ata uşağı tərbiyə edib hər şeyi öyrədəndə,

Uşaq yetişib böyüyəndə o, sevinər.

Ey ata olan, uşağa sərt tərbiyə ver ki,

Arxadan gələnlər sənə gülməsinlər.

Oğula, qıza bilik və mərifət öyrət,

Bu mərifətlə onlar təmiz əxlaqlı olsunlar.

Əsərin qəhrəmanlarından olan Öydülmüşün Odqurmuşa: “İnsanlar insandan bir fayda görməsə, onun yaşadığı nədən bəlli olar?” – deyə verdiyi maraqlı, düşündürücü bir sualla qarşılaşırıq. Öydülmüşə görə, “insan evlənməli və oğul-uşaq sahibi olmalıdır”. Ailə qurmaq, evlənmək həm insan nəslinin davamını təmin edir, həm də ailə quran insan ocaq sahibi olur. Bu, dünyanın əbədi təkrarlanan qanunudur.

Odqurmuş Öydülmüşün fikriylə razılaşır: “Oğul-qız yaxşı olarsa, bu iş sən deyən kimidir. Vay o gündən ki, övlad naxələf, nacins, yaramaz, vecsiz, ləyaqətsiz ola. Bu, valideynə dərd olar, qəm olar. Xalq içində özünü rüsvay olmuş bilər. Yağıya, düşmənə nə gərək? Düşməni öz ocağındadır sanar”.

Valideyn ölüb getdikdən sonra xalq üçün, cəmiyyət üçün zərərli qüvvəyə çevrilən bədəsil övlada görə atanın goruna söyəcəklərini nəzm dili ilə şair-alim belə bəyan edir:

Xeyirsiz olarsa, uladar səni,

Öldünmü, o saat unudar səni.

Pis olsa, adına qarğış edərlər,

Yabançılar goruna söyüş edərlər.

Oğul-qız yağıdır, yağı nə gərək,

Yağısız yaşamaq daha yaxşıdır.

Xeyirsiz oğul-qız atadan sonra

Ata-anasının adını anmaz.

Belə bir uşaqdan gəl gözlə vəfa,

Onun işi pislik, əməli cəfa.

Əxlaqi keyfiyyətlər carçısı olan Balasaqunlu Yusif yazır ki, oğul-qız həddi-buluğa çatdıqdan sonra onları min bir nəvazişlə böyüdən valideynlərinə daim məhəbbətlə itaət etməli, onların qayğısına qalmalıdırlar. Yox, əgər, övlad xeyirsizdirsə, onda ata-anaya məhəbbət hissi yoxdursa, belə adam ən əxlaqsız, tərbiyəsiz adamdır. Belə adam üçün müqəddəs olan heç bir şey yoxdur. Tərbiyəli insan həmişə ata-anasına itaət edər, məhəbbət göstərər, qədir-qiymətini bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, mütəfəkkir alim uşaqların yaxşı və ya pis olmalarının səbəbini ata və anada axtarır. O, uşağı çox da sərbəst, özbaşına buraxmamağı, möhkəm tutmağı tövsiyə edir: “Möhkəm tutulan uşaq səadət tapar”, – deyir. Kiçik yaşlarında öyrənilən elmi daş üzərində yazılan yazıya, ahıllıqda öyrənilən elmi isə su üzərində yazılan yazıya bənzədən Balasaqunlu Yusif yazır:

Uşağa biliyi kiçikkən öyrət,

Kiçiklikdən bilik öyrənən həyatda müvəffəq olar.

Oğul-qız kiçiklikdə nə öyrənsə,

Qocalıb ölənədək onu yaddan çıxarmaz.

Alim-şair əsərin 63-cü bölməsində yazır ki, oğlun və ya qızın doğularsa uşağını ikinci dərəcəli şəxslərə tapşırma, yalnız özün tərbiyə et. Vəzifəsindən asılı olmayaraq, valideynin bütün səyi övlad tərbiyəsinə sərf olunmalıdır. Şair yazır ki, hər iki dünyada oğluna və qızına xeyrinin dəyməsini istəyirsənsə, onlara bilik ver, ədəb öyrət, ləyaqətlə tərbiyə et. Daha sonra oxuyuruq:

Oğluna qız al, qızını ərə ver,

Ömrünü dərdsiz keçir, ey xoşbəxt ər.

Oğluna bütün ərdəmləri öyrət,

Gələcəkdə bu ərdəmlər sayəsində varlı olsun.

Oğulu avara gəzməyə qoyma,

Avara hər yana gedər, yazıq olar.

Qızı evdə uzun zaman saxlama,

Yoxsa, peşmançılıq səni öldürər.

Göründüyü kimi, şair atadan oğulu avara gəzməyə qoymamağı məsləhət edir. Əgər oğul elmin dalınca getmirsə, onu bir sənətə, peşəyə yiyələndirməyi atadan arzu edir. Müdrik alim sənətkarı minnətsiz, öz əlinin əməyi ilə çörək qazanan, öz zəhməti sayəsində yaşayan bir insan kimi yüksək qiymətləndirir. Sənətin minnətsiz bir iş olduğunu və bununla da oğulun yaxşı güzəran sahibi olacağını bildirir. Çünki sənətkar həm öz əlinin zəhməti ilə yaşayır, həm də başqaları onun işindən faydalanır. Sənət insanın başını qatır. Sənətlə məşğul olan insan dedi-qoduçuluqdan, vasvasalıq etməkdən uzaq olur.

Ata nəsihətini sən möhkəm tut,

Günün uğurlu olar, sənə sevinc gətirər.

Atanı, ananı sevindir, onlara xidmət et,

Bu xidmətin əvəzində minlərcə xeyir görərsən.

Bir sözlə, “Qutatqu bilik” əsəri böyük arzularla yenicə həyata atılan, fəaliyyət göstərməyə çalışan, lakin həyatın sirlərinə bələd olmayan gənc nəslin etibarlı bələdçisidir desək, yanılmarıq. “Qutatqu bilik” əsəri gənc nəslə ən gözəl mənəvi sərvətləri bəxş etməklə yanaşı, həm də insanlara insanlığın sirlərini öyrədir, valideyn-övlad vəzifələrini yada salır.

Kamal CAMALOV,

Pedaqogika üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikasının

 Əməkdar müəllimi

                                                                                    “Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: