Cəlil Məmmədquluzadənin “Poçt qutusu” tacik dilində nəşr edilib

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu il görkəmli yazıçıya həsr olunmuş bir sıra tədbirlər keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin layihəsi və ideya müəllifliyi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və ictimai xadim Cəlil Məmədqulzadənin əsərləri xarici dillərə tərcümə edilərək nəşr olunur. İsa Həbibbəyli böyük demokrat yazıçının əsərlərini Rusiyada (1999), Pakistanda (2004), Misirdə (2007), Macarıstanda (2011), Litvada (2017), Özbəkistanda (2018), Bolqarıstanda (2019) kitab halında müxtəlif dillərdə nəşr etdirib, həmin kitablara müqəddimələr yazıb.

Tacikistanın paytaxtı Düşənbədə Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kitabı növbəti dəfə tacik dilində nəşr edilib.

NUHÇIXAN xəbər verir ki, akademik İsa Həbibbəyli indiyədək xarici dillərdə çıxan bütün nəşrlərdə olduğu kimi, bu kitaba da “Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadə” adlı geniş həcmli müqəddimə yazıb. Müqəddimədə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinə, görkəmli yaradıcı simalarına müəyyən yer ayırmış İsa Həbibbəyli “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin həyatı və mühiti, zəngin yaradıcılığı haqqında tacik oxucusuna geniş ensiklopedik məlumatlar təqdim edib. Akademik müqəddimədə görkəmli yazıçının xidmətlərini aşağıdakı kimi səciyyələndirib: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının banisi kimi böyük şöhrət qazanmışdır. Böyük demokrat ədib kimi tanınan Cəlil Məmmədquluzadə ədəbiyyatda kiçik hekayə janrının və satirik publisistikanın da əsasını qoymuşdur. Ustad Mirzə Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında milli istiqlal ədəbiyyatının sərkərdəsi kimi qəbul olunur. Cəlil Məmmədquluzadənin adı dünyada realist-satirik ədəbiyyatın görkəmli yaradıcıları ilə eyni sırada dayanır”.

Əsərləri tacik dilinə çevirmiş Tacikistanın tanınmış ədəbiyyatşünas alimi, professor Muxammadsalom Maxşulovun “Tərcüməçidən ön söz” başlıqlı yazısında Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, əsərlərinin ideya-bədii xüsusiyyətlərindən ətraflı bəhs edilir.

Kitaba Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “Nigarançılıq”, “Molla Fəzləli”, “Xanın təsbehi”, “Qəssab”, “Quzu”, “Qurbanəli bəy”, “Məşrutə”, “Bəlkə də qaytardılar”, “Yuxu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” və “Baqqal” kimi dünyaca məşhur hekayələri daxil edilib.

“Poçt qutusu” kitabı Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə Düşənbənin “ER-Qraf” nəşriyyatında işıq üzü görüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: