Ağ cırtdan ulduzun ətrafında fırlanan “J0740+6620” obyekti ən ağır neytron ulduz hesab olunub. Astronomlar bildiriblər ki, onun çəkisi Günəşdən 2,17 dəfə ağırdır. Alimlər hesab edirlər ki, yeni kəşf bu ağırlıqda neytron ulduzların qara dəliyə çevrilməsi nəzəriyyəsini alt-üst edib.
NUHÇIXAN “Nature Astronomy” jurnalına istinadla xəbər verir ki, “J0740+6620” obyektinin diametri 30 kilometrə yaxın olsa da, bu neytron ulduzun çəkisi 4,32 * 1030 kiloqramdır. O, Günəşdən iki dəfə, Yer kürəsindən isə 722 dəfə ağırdır. Bu obyekt istilik-nüvə enerjisindən məhrum olan və yalnız öz daxili istilik enerjisi hesabına işıq saçan ağ cırtdan ulduzun ətrafında fırlanır. Bu ikili sistemdən Yer kürəsinə işıq isə 4600 işıq ili müddətində çatır, yəni aradakı məsafə 43,52 * 1015 kilometrdir.
Astronomlar neytron ulduzunun çəkisini “Şapiro gecikdirməsi” adlanan metodla hesablayıblar. Bu effekt ondan ibarətdir ki, ağır çəkisi olan obyektin yanından keçən işıq seli bir az gecikdirilir və onun çəkisi nə qədər artıq olarsa, gecikmə də o qədər çox olur. Amerikanın Qrin-Benk radioteleskopunun məlumatlarını təhlil edən beynəlxalq astronomlar qrupu əvvəlcə ağ cırdan ulduzun, sonra isə onun ətrafında fırlanan neytron ulduzun çəkilərini müəyyən ediblər. Nəticələr alimləri heyrətləndirib. Məsələ təkcə neytron ulduzun Günəşdən bu qədər ağır olmasında deyil. Alman alimləri 2018-ci ildə qravitasiya dalğalarını – çox ağır obyektlərin hərəkəti nəticəsində zaman-məkan anlayışlarının dəyişməsini müşahidə edərkən, ulduzların Günəşdən ağır olmasının yuxarı həddini 2,16 dəfəyə qədər müəyyən ediblər. Əgər ulduzun çəkisi bundan artıq olarsa, o zaman həmin obyekt qara dəliyə çevrilir. Lakin “J0740+6620” obyektinin timsalında belə olmayıb. Tədqiqatın müəllifləri hələ də bunun səbəbini izah edə bilmirlər. Lakin ümid edirlər ki, bu dəfə ağır neytron ulduz qara dəliyə çevrilmədiyindən, başqa ssenari də mümkündür. Belə ki, iki neytron ulduzun birləşməsi nəticəsində qara dəlik deyil, sabit və nəhəng ulduz yaranır. Əvvəllər astronomlar bu fərziyyəni inkar edirdilər.
Məlumdur ki, neytron ulduzlar daha yenilərinin parlaması nəticəsində əmələ gəlir və Kainatdakı ən ağır obyektlərdən biri sayılırlar. Onların atom nüvəsi və neytrondan ibarət çox nazik qabığı olur. Bir qayda olaraq, bu cür obyektlərin radiusu 10-20 kilometr olur, çəkisi isə Günəşdən 1,3-dən 1,5 dəfəyə qədər ağırdır.