Muxtar respublikada 2019-2020-ci tədris ilində 212 ümumtəhsil məktəbindən 209-u birnövbəli rejimdə işləyəcək
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.
İclasda təhsil nazir Rəhman Məmmədov bildirib ki, 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra ümumilikdə 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək. İstilik sistemi quraşdırılmayan təhsil müəssisələrində isə yanacaq, mal və materiallara olan tələbat müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, 2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 212 ümumtəhsil məktəbindən 209-u birnövbəli rejimdə işləyəcək. Bu da öz növbəsində tədrisin keyfiyyətinin yüksəlməsinə öz töhfəsini verəcək.
Vurğulanıb ki, nazirlik verilən tapşırıqların icrasını təmin etmək məqsədilə bu istiqamətdə fəaliyyətini gücləndirəcək, istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, eyni zamanda israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparacaq.
Sonra məruzə ətrafında çıxış edənlər payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.
Cavid Səfərli