AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirildi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Əsrin müqaviləsi Azərbaycan Respublikasının iqtisadi və siyasi inkişafının əsasıdır” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə neft gəlirlərinin Azərbaycanın inkişafına yönəldilməsi üçün təməl işlər görülüb və ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra neft strategiyası ölkəmizin gələcəyini müəyyən edən əsas istiqamətə çevrilib. Vurğulanıb ki, məhz 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən edib.
Qeyd olunub ki, “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu müqavilə ilə əsası qoyulan neft strategiyası Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
İsmayıl Hacıyev deyib ki, ümummilli liderin neft strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz zaman keçdikcə güclənir, iqtisadi cəhətdən inkişaf edir, xalqın rifahı yaxşılaşdırılır, neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər davamlı olaraq yüksəlib.
Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin çıxışları dinlənilib.
Mədinə Rəhimli