İsveçrə alimləri bəyan ediblər ki, onlar hazırda inşa edilən LISA orbital qravitasiya-dalğaları laboratoriyası üçün ilk lazer prototipi yaradıblar. Onun köməyi ilə Kainatda baş verən proseslərin tədqiqində böyük əhəmiyyətə malik olan zaman-məkan dəyişmələrinin izləmək mümkün olacaq. Lazerin ilk versiyası Vyanada keçiriləcək “Laser Congress” konfransında geniş ictimaiyyətə təqdim ediləcək.
NUHÇIXAN Dünya Optik Cəmiyyətinin (OSA) saytına istinadla xəbər verir ki, kosmosda istifadə ediləcək ilk müasir lazer növünün yaradılması, həmçinin onun yüksək iş dəqiqliyinin təmin edilməsi alimlərin qarşısında duran mühüm vəzifə olub. Lazerin yaradıcılarından biri, İsveçrə Elektronika və Mikrotexnologiya Mərkəzinin əməkdaşı Stiven Lekon qeyd edib ki, LISA-nın istifadəsinə uzun müddət çox qalsa da, 2030-cu ilədək bu məsələ ilə əlaqədar bir sıra texniki problemləri həll etmək lazım gələcək”.
LISA orbital qravitasiya-dalğaları laboratoriyasının inşası ideyası ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən 2001-ci ildə irəli sürülüb. Laboratoriyanın tərkibində Yerətrafı orbitdə fırlanacaq və zaman-məkan dəyişikliklərini qeydə alacaq üç zond olacaq. Astronomlar bunun üçün qravitasiya dalğalarını birləşdirən lazer şüalarının təhrif olunmasını izləyəcəklər. Cari onilliyin əvvəlində ABŞ bu proqramı tərk edib və həmin səbəbdən LISA-nın inşası qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Layihənin gələcəyinin o qədər də aydın olmamasına rəğmən ESA-nın mütəxəssisləri “LISA Pathfinder” (LPF) eksperimental aparatı üzərində işləri davam etdiriblər. ESA-nın alimləri 2015-ci ilin dekabrında onu kosmosa göndərərək lazer “üçbucağını” dəstəkləyən və qravitasiya dalğalarını axtaran texnologiyalar hazırlayıblar. Məhz alimlərin bu uğuru sayəsində Avropa məmurları LISA-nın tam versiyasına maliyyə vəsaiti ayrılmasına icazə veriblər. ESA-nın planına əsasən, tamamlanmış lazer “üçbucağı” 2030-cu ildə kosmosa göndəriləcək. OSA-nın məlumatına görə, artıq İsveçrə Elektronika və Mikrotexnologiya Mərkəzinə bu laboratoriyanın ən mühüm hissəsinin - LISA-nın 3 aparatını birləşdirəcək lazer şüa dəstinin hazırlanması üçün dövlət sifarişi də verilib. Bu zondların Yerüstü qravitasiya teleskoplarından üstünlüyü odur ki, onlar bir-birindən çox geniş məkanda – 2,5 milyon kilometrlik məsafədə yerləşəcək. Yerdə olan LIGO və VIRGO qravitasiya-dalğa teleskoplarından fərqli olaraq, LISA “üçbucağı” daim hərəkətdə olacaq. Bunun sayəsində isə, onun Yerə göndərəcəyi siqnalların da daha dəqiq olması gözlənilir.