Elm ziyası ilə nurlanan şərəfli alim ömrü - İsa Həbibbəyli

A- A A+

Oktyabrın 16-da görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı tamam olur. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Elm ziyası ilə nurlanan şərəfli alim ömrü: Akademik İsa Həbibbəyli-70” sərlövhəli məqaləsində görkəmli alimin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında göstərdiyi müstəsna xidmətlərindən, səmərəli elmi axtarışları ilə humanitar və ictimai elmin inkişafına verdiyi sanballı töhfələrdən, pedaqoji və ictimai-siyasi fəaliyyətindən bəhs olunur. NUHÇIXAN məqaləni təqdim edir.

Akademik İsa Həbibbəyli pedaqoq, ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, istedadlı ədəbi tənqidçi, publisist, şair və yazıçı-dramaturqdur. İsa Həbibbəyli 90 kitabın, 1500-ə yaxın elmi, elmi-publisistik məqalənin müəllifidir. İndiyə qədər AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin əsərləri 10 cilddə nəşr olunub. Bu əsərlərin hər biri 70 illik şərəfli həyat yolunun, cəfakeş alim ömrünün bəhrəsidir. 70 illik şərəfli alim ömrü yaşayan akademik İsa Həbibbəylinin həyat yoluna nəzər saldıqda elm sahəsində bu böyük alimin hər zaman yeni-yeni uğurlara, ilklərə imza atdığını görürük.

İsa Həbibbəyli, ilk növbədə, tanınmış pedaqoq, elm təşkilatçısıdır. Onun ömrünün böyük bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Bu universitetin inkişafında, ölkəmizdə və dünyada tanınmasında onun böyük zəhməti var. İsa Həbibbəyli 20 ilə yaxın Naxçıvan Dövlət Universitetinin rektoru olub. Onun rektorluğu dövründə Naxçıvan Dövlət Universiteti respublikamızın aparıcı ali təhsil ocaqlarından birinə çevrilib, bu universitetin dünyanın aparıcı univeritetləri ilə əlaqələri qurulub, xarici ölkələrdən gələn yüzlərlə tələbə həmin universitetin məzunu olub. İsa Həbibbəyli rektor olduğu dövrdə istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimlisinə çevrilib.

O, AMEA-nın vitse-prezidenti kimi akademiyanın humanitar sahəsinə çox uğurla rəhbərlik edir. Məhz onun dövründə AMEA-da akademik Akif Əlizadənin rəhbərliyi altında aparılan innovativ islahatlar texniki, dəqiq elmlər sahələrində olduğu kimi humanitar elmlər sahəsində də öz bəhrəsini verməkdədir.

İsa müəllim Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdən bu elm müəssisəsində fundamental araşdırmalar aparılmağa başlanılıb. Ədəbiyyat İnstitutu özünün intibah dövrünü yaşayır. Artıq X cilddə buraxılması nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi nəşr olunub. Ədəbiyyat İnstitutunda onlarla beynəlxalq konfrans keçirilib və keçirilməkdədir. Ədəbiyyat İnstitutunda yeni elmi istiqamətləri özündə ehtiva edən şöbələr açılıb, Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, Polşa və Monqolustanla ilk dəfə olaraq ədəbi əlaqələr qurulub. Sələfləri Bəkir Nəbiyev, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Yaşar Qarayev kimi nüfuzlu alimlərin yolunu şərəflə davam etdirən İsa Həbibbəyli bu gün Ədəbiyyat İnstitutunda yorulmadan, böyük əzmkarlıqla, kollektivin nüfuzunu və dəstəyini qazanmaqla ədəbiyyat sahəsində fundamental elmi-tədqiqat işlərinə rəhbərlik edir. Ədəbiyyat İnstitutu İsa Həbibbəylinin rəhbərliyi altında bu gün Azərbaycanda humanitar sahədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib.

İsa Həbibbəyli çox istedadlı natiqdir. Müxtəlif tədbirlərdə elmi, siyasi mövzularda saatlarla danışaraq dövlətimizin siyasətini, elmimizin uğurlarını yorulmadan, böyük həvəslə təbliğ etməsi onun natiqlik istedadını sübut edir. İsa Həbibbəylinin ən böyük bacarıqlarından biri istənilən elm sahəsində dərin məzmunlu çıxışlar etməsidir. Yəni elm sahəsində akademik üçün sərhəd yoxdur. İsa Həbibbəyli bəy nəslindəndir. Onun qanında zadəgan bir nəslin genetik kodları yaşayır. Bu genetika İsa Həbibbəyli şəxsiyyətinin humanistliyində, sadəliyində, xeyirxahlığında, alicənablığında, demokratikliyində özünü hər zaman büruzə verir. İsa Həbibbəyli istedadlı şairdir. Onun şeirlərində azərbaycançılıq ruhunun ifadəsi öz əksini tapıb. O, 1970-ci ildə yazdığı “Azərbaycanım” şeirində öz vətənpərvərlik duyğularını yüksək poetik dillə belə ifadə edir:

 

Qulaq as, dünyanın ürək səsinə,

Gör ki, bu dünyanın marağıyam mən,

Nəzər sal, qocaman neft ölkəsinə,

O deyir:“Bəşərin çırağıyam mən”.

 

O, onlarla belə şeirin, tərcümələrin, “Arpaçayı daşa bilməz” adlı mənsur poemanın müəllifidir. Təsadüfi deyil ki, onun əsərlərinin X cildi “Yollar şeirdən başlanmışdı” adlanır. Akademikin ilk elmi işi də romantik poeziyaya həsr edilib. İsa Həbibbəyli “Gülümov” adlı pyesin, “Çətinlikdə sınaq” adlı hekayənin də müəllifidir. Yəni akademikin ümumi yaradıcılığı bədii yaradıcılıqla elmi yaradıcılığın vəhdətindən ibarətdir. Şair Ayaz Vəfalının təbirincə desək, “İsa Həbibbəylinin bədii yazıları da isedadla yazılmışdır”.

İsa müəllim Ulu Öndər Heydər Əliyev siyasətini yorulmadan təbliğ edən, dövlətçiliyimizi hər zaman yüksəkdə tutan alimlərimizdəndir. Akademik yazır: “Dövlət müstəqilliyi ideyaları ilə böyük ədəbiyyatın idealı bir-birini tamamlayır. Bu halda sənətkar ölkəsinin, xalqının və dövlətinin sözçüsü kimi çıxış edir. Sənətkar üçün bundan böyük xoşbəxtlik yoxdur”. İsa Həbibbəyli qeyd edir ki, Heydər Əliyev kursu milli dövlətçilik təliminin strategiyasından, xalqın inkişaf dialektikasından ibarətdir. O, böyük siyasətin uzaqvuran topu, ağır artilleriyası idi. Heydər Əliyev yolu – Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur. İsa Həbibbəyli Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bugünkü uğurlu dövlət siyasətini ölkə daxilində və xaricində içdən gələn məhəbbətlə durmadan təbliğ və təşviq edir. O, düzgün olaraq, bu missiyanı hər bir ziyalının mənəvi borcu hesab edir.

Hər bir insanın həyatındakı uğurlarda müəllimlərin danılmaz əməyi və rolu var. İsa Həbibbəyli mərhum akademik, ədəbiyyatşünaslıq elmimizin korifeylərindən biri olan Məmməd Cəfər Cəfərovun xeyir-duası, tövsiyəsi ilə elm aləminə gəlib. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında tanınmış alimlər - Bəkir Nəbiyev, Əziz Mirəhmədov, Cavad Heyət, Abbas Zamanov, Yusif Seyidov çox dəyərli fikirlər söyləyib. Azərbaycan dilçiliyinin ən tanınan, nüfuzlu simalarından biri, professor Yusif Seyidov İsa Həbibbəyliyə həsr etdiyi “Akademik İsa Həbibbəyli” adlı monoqrafiyada akademikin yaradıcılığına yüksək dəyər verib. Yusif Seyidov yazır ki, İsa Həbibbəyli ya yeni söz deyir, ya da yeni fakt və sənədi təqdim edib açıqlayır. Məsələnin hər iki qütbü faydalıdır. Maraqlı cəhət bundan ibarətdir ki, İsa Həbibbəyli bu qütblərin üzvi sintezinə nail olmağı da bacarır. Ona görə də, sadəcə, oxunan əsərlər yox, həm də qalan, yaşayan əsərlər yarada bilir.

Dövlətin ideoloji siyasətində ədəbiyyatın mühüm vəzifəsini dərk edən böyük alim İsa Həbibbəyli ədəbiyyat və həyat məsələlərinə öz yaradıcılığında geniş yer verib. İsa müəllim haqlı olaraq yazır ki, böyük ədəbiyyat yarandığı zamanın tarixi, fəlsəfəsi və kompasıdır. Zaman faktoru həmişə böyük ədəbiyyat üçün zəruri olub. Lakin Zamanın ideoloji münasibəti onu birtərəfli göstərmək deməkdir. Ədəbiyyat Zamanı dərk və əks etdirən, irəli aparan əsas hərəkətverici qüvvələrdən biridir. Ədəbiyyat – Zamanı ələkdən keçirir.

İsa Həbibbəyli müasir ədəbi prosesləri düzgün qiymətləndirməyi bacaran istedadlı ədəbiyyatşünas alimdir. O, ədəbiyyatın milli inkişafda mənəvi-estetik funksiyasını dərindən analiz edən, fenomenal bacarığa malik olan filoloqdur.

Akademik İsa Həbibbəylinin istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, ədəbi proseslər haqqında dəyərli araşdırmaları milli ədəbiyyatşünaslığımız üçün əvəzsiz tədqiqatlardır. Onun Nizami Gəncəvi, Marağalı Əhvədi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Əliqulu Qəmküsar, Məhəmməd Hadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, İsa Hüseynov, Firudin bəy Köçərli, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şaxtaxtinski, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Seyid Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Anar, Elçin, Məmməd Araz, Hüseyn İbrahimov, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Rəşad Məcid, Hüseynbala Mirələmov, Hikmət Mahmud haqqındakı elmi məqalələri ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli töhfələrdir.

İsa müəllimin Məmməd Cəfər, Abbas Zamanov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Kamran Dadaşoğlu, Yaşar Qarayev, Nizami Cəfərov, Bəxtiyar Vahabzadə, Vaqif Yusifli, Xeyrəddin Qoca, İsa İsmayılzadə, Rüstəm Behrudi, İslam Səfərli, Asim Yadigar, Nəriman Həsənzadə, Qəzənfər Paşayev, Yaşar Qarayev haqqındakı ədəbi-tənqidi məqalələri ədəbiyyatşünaslığımız haqqında mühüm konsepsiyaları ifadə edir.

İsa Həbibbəyli mahir publisistdir. O, ali vətəndaşlıq mövqeyindən çıxış edərək hər zaman böyük bir ruh yüksəkliyi ilə milli mətbuatımızda dövlətçiliyimizin uğurlarının təbliğ edir, ictimai-siyasi, ədəbi-mədəni proseslərə yaradıcı ziyalı kimi həssas münasibətini bildirir.

Görkəmli alim dövlət və vətən qarşısında xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İsa Həbibbəyli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. O, “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. İsa Həbibbəyli 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci ildə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını alıb.

İsa Həbibbəyli tanınmış siyasi xadimdir. Uzun müddətdir ki, Milli Məclisin üzvüdür. O, Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

İsa müəllimin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı namizədlik dissertasiyası haqqında akademik Məmməd Cəfər yazırdı ki, İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı namizədlik dissertasiyası bizim filologiya elminə müəyyən yenilik gətirən və romantik lirika haqqında orijinal bir tədqiqat əsəridir. Orijinallığı bir də o cəhətdəndir ki, burada lirikanın daha çox poetikasından, üslublarından və janr xüsusiyyətlərindən danışılır.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsinin ən qüdrətli araşdırmaçısıdır. İsa müəllimin doktorluq dissertasiyası məhz bu böyük demokrat ədibin yaradıcılığına, onun yaşadığı mühitdəki ədəbi proseslərə həsr olunub. O, Mirzə Cəlilin yaradıcılığındakı xalqçılıq, azərbaycançılıq məfkurəsini oxucuya daha dolğun şəkildə anladıb. İsa Həbibbəyli İranda və Fransada Cəlil Məmmədquluzadənin nəslinə aid nümayəndələri tapıb üzə çıxarmaqla Mirzə Cəlil ruhuna sədaqətini və ehtiramını isbat edib.

“Molla Nəsrəddin” ədəbi məktəbi haqqında İsa müəllimin fikirləri çox dəyərlidir: “Molla Nəsrəddin” Azərbaycanın və türk-müsəlman mətbuatının şah əsəridir. Bu qiymətli jurnalın təsiri ilə, ilk növbədə, Azərbaycanda və Qafqazda, sonra isə geniş mənada türk-müsəlman dünyasında çoxsaylı satira jurnalları və qəzetləri meydana çıxmışdır”. Akademikin Cəlil Məmmədquluzadə haqqındakı əsərləri İranda, Misirdə, Ukraynada, Macarıstanda çap olunub.

XX əsrin əvvəllərində Azərbaycanda milli mücadilənin ən kəskin dövründə Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalının xalqımızın ictimai-siyasi həyatındakı mühüm rolunu düzgün qiymətləndirən akademik yazır ki, “Molla Nəsrəddin” dərgisi Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir. Bu mübariz dərgi istiqlal hərəkatına mütəşəkkil, nizamlı bir ordudan artıq xidmət göstərmişdir. “Molla Nəsrəddin” dərgisi milli dirçəliş ideyalarından və mübarizlik ruhundan yoğrulmuş mənalı bir istiqlal kitabıdır.

Onlarla kitabın, yüzlərlə elmi, elmi-publisistik məqalənin müəllifi olan İsa Həbibbəyli məhsuldar alimdir. O, dünyanın müxtəlif elmi mərkəzlərində Azərbaycan elmini ən yüksək səviyyələrdə təmsil edib, bir çox xarici universitetlərdə ustad dərsləri keçib.

İsa Həbibbəylinin 2019-cu ilin sentyabrında nəşr olunan “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasında milli ədəbiyyatımızın dövrləşdirmə və tarixi inkişaf mərhələləri sistemli şəkildə müəyyənləşdirilib. İlk dəfə olaraq məhz bu monoqrafiyada milli ədəbiyyatımızın inkişaf konsepsiyası yeni prizmadan işlənilib. Bu monoqrafiyada ədəbiyyat tariximizə yeni baxış, yeni yanaşma özünü göstərir.

Görkəmli alim böyük enerji ilə bu gün də azərbaycançılıq ideyalarını yüksək vətəndaşlıq, universal ziyalılıq səviyyəsində əzmkarlıqla təbliğ edir. Millətinə və dövlətinə bağlılıq akademik İsa Həbibbəylinin həyat kredosudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: