“Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində tanınmış tədqiqatçı və ekspert, yazıçı-jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, müəllif Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bu müqəddəs məkan, “Qurani-Kərim”də adı keçən Əshabi-Kəhf mağarası ilə bağlı geniş araşdırmalar aparıb, çoxsaylı tarixi mənbələri və arxiv materiallarını nəzərdən keçirərək bu kitabda toplayıb. Nəşr mövzuya yeni, daha dərin yanaşma və orijinal təhkiyə üslubu ilə fərqlənir.
“Əcəmi” nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan kitabda oxucuya qədim dövr səyyahlarının, tarixçilərinin Əshabi-Kəhf haqqında indiyədək məlum olmayan qeydləri, fikir və mülahizələri, həmçinin bir çox tarixi faktlar və məlumatlar təqdim edilir. Əsər 11 başlıqdan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid qeyd edib ki, dəyərlərimiz qorunur, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir. Ziyarətgahlarımız, məscidlərimiz təmir və bərpa olunaraq əhalinin istifadəsinə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında təqdimatına toplaşdığımız siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatının keçirilməsi tarixi minilliklərə dayanan bu dini-mədəni abidənin yeni tədqiqatlar əsasında öyrənilməsi və təbliğinə dövlət qayğısının daha bir ifadəsidir. Surə Seyid kitabın ərsəyə gəlməsində böyük əməyi olan müəllifə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev vurğulayıb ki, dünyada 20-dən artıq ölkədə Əshabi-Kəhf mağaraları var. Həmin ölkələrin tədqiqatçıları bu Əshabi-Kəhflərin adının Qurani Kərimdə adı çəkilən Əshabi-Kəhf olduğunu sübut etməyə çalışırlar. Amma Rövşən Novruzoğlunun kitabda topladığı faktlar onu deməyə əsas verir ki, Quranda adı çəkilən Əshabi-Kəhf Naxçıvandadır. Bu kitabda həm də ziyarətgah yaxınlığındakı su quyuları, kəhrizlər, o cümlədən Naxçıvanda yaşamış din xadimləri barədə də məlumatlar verilir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüb, müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Kitabın müəllifi Rövşən Novruzoğlu qeyd edib ki, o, 7 ildən artıq bir müddətdə dünyanın 12 ölkəsinin arxivlərində araşdırma və tədqiqatlar apararaq bu kitabı ərsəyə gətirib. Bildirib ki, qoyulan qadağalara və çətinliklərə baxmayaraq Vatikan arxivlərində tədqiqatlar aparılıb, Əshabi-Kəhfə və 12-ci imama aid tam məxfi sənədlər gün üzünə çıxarılıb. Müəllif kitabının təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Turab Hacızadə