Qədim yaşayış yerləri zəngin tariximizin bir parçasıdır - FOTOLAR

A- A A+

Müstəqillik illərində dövlətimizin qayğısı ilə Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji qazıntılar öz bəhrəsini vermişdir. Tədqiqatlar nəticəsində Naxçıvan ərazisində dünya arxeologiyasında sabitləşmiş fikirləri dəyişən xeyli yeni tapıntılar aşkar olunmuşdur. Bu tapıntıların bir qismi də Sirabçay və Qahabçay vadisindən əldə edilmişdir. ...Dünya mədəniyyətinin beşiyi olan Mesopotamiya, Dəclə və Fərat çaylarının arasında yerləşən bu ərazi, qədim insanların yaşayışı üçün əlverişli olduğundan hələ qədim dövrlərdən burada məskunlaşan şumerlər, akkadlar və digər xalqlar öz unikal mədəniyyətlərini yaratmışlar. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda, bu torpaqlardan minillərdən bəri axan Sirabçay və Qahabçay vadisində, formalaşan qədim mədəniyyətlər eynilə Dəclə və Fərat çayları arasındakı mədəniyyətə bənzəyir.Mesopotamiyada formalaşan qədim mədəniyyətlər Yaxın Şərq üçün nə qədər əhəmiyyətlidirsə, Sirabçay və Qahabçay vadisinin mədəniyyətləri də Cənubi Qafqaz üçün bir o qədər əhəmiyyətlidir. Bu çayların vadisində və onların Naxçıvançayla birləşən hövzəsində aşkar olunan I Kültəpə, II Kültəpə, Naxçıvantəpə, Uçan Ağıl, Uzunoba və onlarla digər abidələr Cənubi Qafqaz mədəniyyətlərininin formalaşmasına böyük təsir etmişdir. Məlumdur ki, hələ uzaq keçmişdə, eramızdan xeyli əvvəllər Mesopotamiya və Cənubi Qafqaz arasında mədəni əlaqələr olmuşdur. Naxçıvan Muxtar Respublikasında qədim ikiçayarası mədəniyyətin izləri ilk dəfə Babək rayonunun Sirabçay və Qahabçay vadisinin yaxınlığında yerləşən I Kültəpənin qazıntıları zamanı əldə olunan “Xalaf”, “Ubeyd” tipli keramika məmulatı olmuşdur.Sirabçay, Qahabçay hövzəsində Vəli Baxşəliyev və Zaleh Novruzovun tədqiqatları zamanı təkcə Eneolit dövrünə aid 23 yeni abidə qeydə alınmışdır .Bunlardan bir neçəsində 2010-2014-cü illərdə geniş arxeoloji qazıntılar aparılmış və Azərbaycan tarixində yeni səhifə açacaq tapıntılar əldə olunmuşdur.Daha sonra, Azərbaycan-Fransa ekspedisiyası bu abidələrin əhəmiyyətini nəzərə alaraq 2014-2017-ci illərdə bu tədqiqatları genişləndirmişdir. Bu abidələrin əksəriyyəti Eneolit dövrünə aid edilsə də, araşdırma zamanı Erkən və Orta Tunc dövrünün müəyyən mərhələləri də izlənmişdir. Abidələrin tədqiqi göstərmişdir ki, bu yerləşmələr mövsümü xarakter daşımışdır. Araşdırma zamanı Naxçıvanın oturaq və qədim köçəri tayfalarının mədəniyyətini izləmək baxımından da olduqca dəyərli tapıntılar əldə olunmuşdur. Əldə olunan arxeoloji mateariallar, dekorativ-tətbiqi sənət nümunələri Cənubi Qafqaz və Yaxın Şərq arasında iqtisadi-mədəni əlaqələri öyrənmək baxımından əhəmiyyətli olmuşdur. Cənubi Qafqaz ərazisində Eneolit dövrünün Erkən və Orta mərhələsinə aid tapıntılar məhz bu abidələrdən aşkar olunmuşdur. Naxçıvanda Orta Eneolit mədəniyyətinin ilkin izləri Sirabçay hövzəsində yerləşən Uçan Ağıl və Uzunoba abidələrindən əldə olunmuş dekorativ-tətbiqi sənət nümunələri ilə müəyyənləşdirilmişdir. Orta Eneolit dövrü abidələrindən biri olan, eradan əvvəl V minilliyə aid Uçan Ağıl yaşayış yeri Babək rayonunun Sirab kəndinin şimal-şərqində yerləşir. Uçan Ağıldan tapılmış dekorativ-tətbiqi sənət nümunələri gil qab parçalarından ibarətdir. Saman qarışığından hazırlanmış gil qablardan bir qismi qırmızı boyalıdır. Bəzi qabların üzərində boya ilə naxışlar da çəkilmişdir. Uçan Ağılın dekorativ-tətbiqi sənət nümunələri arasında Kür-Araz mədəniyyətinin keramika məmulatlarına da rast gəlinmişdir. Dekorativ-tətbiqi sənət nümunələri arasında olan bir ədəd daş əmək aləti isə Duzdağın əmək alətləri ilə bənzərlik təşkil edir Babək rayonunun Uzunoba kəndinin yaxınlığında yerləşən “Uzunoba yaşayış yeri”nin tarixi e. ə. V minilliyə aid edildiyindən bu abidənin də tədqiqi Cənubi Qafqaz arxeologiyasının öyrənilməsi üçün əhəmiyyətlidir. Uzunoba yaşayış yerindən tapılmış keramika nümunələri boyalı naxışlarla bərabər, batıq və məməcikşəkilli ornamentlərlə də bəzədilmişdir.Bu yaşayış yerlərindən tapılmış boyalı keramika nümunələri adətən narıncı, qırmızı və qəhvəyi rəngə boyanmış qabların üzərinə çəkilmişdir. Naxışlar monoxrom olub açıq, tünd qəhvəyi rənglərinə görə fərqlənirlər. Boyalı qablardakı rəngli naxışlar müxtəlif düzülüşlü düz xətlərdən ibarət olub müəyyən kompozisiyada çəkilmişdir. Qabların boyanmasında, naxışların çəkilməsində istifadə olunan rənglərin Mesopotamiyanın həmdövr sənət əsərləri üzərindəki rənglər ilə eynilik təşkil etməsi Yaxın Şərq ilə yaxın mədəni əlaqələrin olduğunu göstərir.Aşkar edilmiş Eneolit abidələrinin tədqiqi Naxçıvanda dekorativ-tətbiqi sənətlərin qədim tarixə malik olduğunu, e.ə. V minilliyin birinci yarısında dekorativ-tətbiqi sənətlərin müxtəlif növlərinin inkişaf etdiyini deməyə imkan verir. Sirabçay və Qahabçay ətrafında tədqiq olunmuş “Surumçək”, “Qaratəpə”, “Nəhəcir”, “Göy Xəndək”, “Qurddağ” və digər abidələrdən Orta Tunc dövrünə aid keramika və metal məmulatından ibarət olan xeyli dekorativ-tətbiqi sənət nümuələri tapılmışdır. Sirabçay ətrafındakı abidələrdən tapılmış gil qablar bişirilmə texnologiyasına görə iki qrupa ayrılmışdır. Gildən hazırlanmış qablar arasında Orta Tunc dövrünün erkən mərhələsinə aid olan cızma naxışlı və boyalı qablar diqqəti çəkir.Sirabçay və Qahabçay ətrafındakı yaşayış yerlərindən, qəbir abidələrindən tapılmış Orta Tunc dövrünün erkən mərhələsinə aid qablar Erkən Tunc dövründən Orta Tunc dövrünə keçid mərhələsini izləmək baxımından olduqca əhəmiyyətlidir. Naxçıvanın Orta Tunc dövrü mədəniyyətinin ən mükəmməl sənət əsərləri boyalı keramika olduğu üçün Sirabçay və Qahabçay abidələrindən tapılan boyalı qablar xüsusilə maraqlıdır. Boyalı qablar monoxrom və polixrom olaraq iki böyük qrupa ayrılır. Orta Tunc dövrü abidələrində monoxrom boyalı kеramikanın ardınca, polixrom boyalılar mеydana gəlmişdir. Bu kеramikanın xaraktеrik xüsusiyyəti, qabların mərkəzi qisminin ağ, ya da sarı rəngli boya ilə örtülərək qara, qırmızı, bəzən isə həm qara, həm də qırmızı rənglə naxışlanmasıdır. Sirabçay abidələrində Orta Tunc dövrünün polixrom boyalı qabları dörd nümunə ilə təmsil olunur. Onların mərkəzi hissəsi sarı boya ilə örtülərək qara və qırmızı rənglərlə naxışlanmışdır. Bu tərzdə boyanmış qablar Naxçıvanda boyalı qablar mədəniyyətinin əsas mərhələlərindən birini təşkil edir. Azərbaycanda, o cümlədən Naxçıvanda bu tip boyalılar bir neçə inkişaf mərhələsindən keçmişdir. Polixrom boyalı keramika başlıca olaraq Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadolu abidələrində geniş yayılmışdır. Urmiya hövzəsi və Şərqi Anadoluda da, Naxçıvanda olduğu kimi, polixrom boyalıların müxtəlif tiplərinə rast gəlinmişdir. Tədqiqatçı Barton Braun bu tip keramikanın Azərbaycan üçün xarakterik olduğunu qeyd etmişdir. Araşdırmalar Sirabçay və Qahabçay hövzəsində yerləşən bu unikal yaşayış yerləri və qəbir abidələrinin yalnız Naxçıvan və Azərbaycan tarixinin öyrənilməsi üçün deyil, bütövlükdə Yaxın Şərq və Cənubi Qafqaz mədəniyyətlərinin öyrənilməsi üçün əhəmiyyətli olduğunu təsdiq edir.

Fizzə QULİYEVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: