AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan NUHÇIXAN-a verilən məlumata görə, İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsini əldə edib. Dastanın mövzusu və süjet xətti Azərbaycanda yayılmış və çap edilmiş variantı ilə eyni olsada coğrafi adlar və əsərdəki obrazların kimliyi fərqlidir. Belə ki, dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbaniyə yuxuda buta verilməsi və onun Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulub, çətinliklərdən sonra ona qovuşması təsvir olunur.İstanbul variantında isəƏcəm diyarında yaşayan Qurbani Qarabağ hökmdarı İzzət xanın bacısı Pərüzat xanıma aşiq olur və bir sıra macəralardan sonra onunla evlənir. Dastanın Azərbaycan variantında Qurbaniyə “mürşid” dediyi Şeyx oğlu Şah İsmayıl kömək edirsə, İstanbul variantında ona “mürşid” deyə üz tutduğu Şah Abbas yardım edir.Hər iki dastanda qəhrəmanların dilindən söylənilən şeir parçaları eynilik təşkil edir.