Bir neçə il əvvəl ABŞ-da populyar “Black Mirror” teleşousunda nümayiş etdirilən robot-it indi xüsusi istifadəçilər üçün də əlçatan olacaq. NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, “Boston Dynamics” şirkətinin təqdim etdiyi bu robotun özəllikləri nümayiş etdirilib. Jurnalistlər və mütəxəssislər “Spot” adlanan bu texnologiya möcüzəsinin pilləkənlərlə hərəkət, tikinti obyektlərinə dırmanmaq, pis hava şəraitində naviqasiya və hündürlükdən düşdükdən sonra asanlıqla qalxaraq qaçmaq kimi məziyyətlərinə tamaşa ediblər. Videomaterialda robot-itin saniyədə 1,6 metr sürətlə hərəkət etməsi, üzərindəki kameranın geniş sahəni əhatə edərək ətrafdakıları qeydə alması, toz və suya qarşı davamlılığı və 45 dərəcəyə qədər temperatura davam gətirməsi də təqdim edilib. Bildirilib ki, “Spot” hər bir müştəri üçün deyil, yalnız xüsusi alıcılar üçün əlçatan olacaq. Robot-it tikinti sahələri, qaz kəmərlərinin çəkilməsi, ictimai asayişin qorunması sahələrində istifadə olunacaq. Dəqiq qiymət açıqlanmasa da, qeyd olunub ki, “Spot”un dəyəri yeni avtomobildən də baha olacaq.
“Boston Dynamics” robot-itin üzərində 2015-ci ildən bəri iş aparır. İnternetdə yayılan ilk videomateriala 22,7 milyon nəfər baxıb. Bundan sonra “Spot” sosial şəbəkələrdə geniş reklam olunub. Şirkət onun kiçik “qardaşı” – 0,76 metr hündürlüyündə olan “SpotMini”ni də buraxıb. O, yerdə sürünə, qabları qabyuyana qoya, qapını aça və soyuducudan sahibinə içki gətirə bilir. Kiçik robot-itin bütün istehlakçılara satıla biləcəyi də bildirilir.