Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin assambleyalarının 59-cu sessiyasında təmsil olunacaq
Sentyabrın 30-dan oktyabrın 9-dək Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin assambleyalarının 59-cu sessiyası keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Əqli Mülkiyyət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, builki sessiyanın gündəliyinə bir sıra beynəlxalq əhəmiyyətli məsələlər, ÜƏMT komitələrinin, o cümlədən ÜƏMT-nin rəhbər orqanları olan Əlaqələndirmə Komitəsinin, Proqram və Büdcə Komitəsinin hesabatları, həmçinin həmin komitələrin növbəti iki il müddətinə (oktyabr 2019 - oktyabr 2021) yeni üzvlərinin təsdiq edilməsi və digər məsələlər daxil edilib.
Səfər çərçivəsində ölkəmizin nümayəndə heyətinin ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüşü, eləcə də Azərbaycan nümayəndəsinin Baş Assambleyanın sessiyasında çıxışı nəzərdə tutulur.