Nyu-Yorkdan Parisə cəmi 3,5 saata, Londondan Sidneyə isə 4 saata uçacaq kosmik təyyarənin inşası üzrə işlərə başlanılır. NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, Böyük Britaniya Kosmik Agentliyi və Avstraliya Komik Agentliyi bununla bağlı Birləşmiş Krallığın Kosmos Konfransında müvafiq saziş imzalayacaqlar. Sazişin adı isə “Dünyanın ilk kosmik körpüsü” olacaq.
İngiltərənin Oksfordşir əyalətində yerləşən Sinergetik Hava Raket Mühərriki (SABRE) müəssisində yığılması planlaşdırılan yeni kosmik təyyarənin inşasının 2030-cu ildə başa çatdırılması planlaşdırılır. Böyük Britaniya Kosmik Agentliyinin rəhbəri Qrehem Tornak bildirib ki, SABRE britaniyalıları cəmi dörd saata Avstraliyaya çatdıran mühərrik istehsal edəcək. O əlavə edib ki, yeni texnologiyanın hazırlanması üzrə işlərə start verilib və 2030-cu ildə kosmik təyyarələrin kütləvi istehsalı başlayacaq.
Proqram çərçivəsində bu ilin aprelində kosmik təyyarələrin mühərriklərində istifadə olunacaq səsdən üç dəfə çox sürətli olan mühərriki soyudacaq qurğunun sınağı uğurla keçirilib. Bu, səsdəniti uçan “Concord” təyyarələrindən 50 faiz çoxdur. Qurğunun sınaqları ABŞ-dakı Kolorado Hava və Kosmos Poliqonunda keçirilib. Mühəndislərin qarşısında duran əsas vəzifə və həlli çox çətin olacaq problem bu cür sürət nəticəsində yaranacaq yüksək temperaturun motora verəcəyi zərərin qarşısını almaqdır. Son sınağı keçirilən qurğu qazların hərarətini min dərəcə Selsiyədək soyuda bilib. Daha bir problem, mühərriki soyudan qurğunun həcminin daha kiçik olmasıdır.
Mühəndislər SABRE mühərriki ilə uçacaq təyyarənin yerin atmosferində raket sürəti ilə hərəkət etməsini təmin edəcəklər. Qeyd olunub ki, son dörd ildə bu texnologiyanın hazırlanmasına 130 milyon dollar xərclənib. Əsas sərmayəçilər BAE Systems, Rolls-Royce və Boeing HorizonX şirkətləridir.