NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 2019-cu il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə keçirdiyi yığıncaqda “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupunun üzvləri müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının və “ArazTürk Cümhuriyyəti” elmi-tədqiqat qrupunun üzvləri filologiya üzrə fəlsəfə doktoru Surə Seyid və akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun elmin inkişafına xidmət edən tarixi sərəncamlarının əhəmiyyətindən və qarşıda duran vəzifələrdən bəhs ediblər.
“Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupunun ilk iclasında bu cümhuriyyətin yaranması zərurəti, fəaliyyəti, siyasi əhəmiyyəti müzakirə olunub, tədqiqatın sistemli araşdırılması üçün qrup üzvləri arasında vəzifə bölgüsü aparılıb. Qeyd olunub ki, tədqiqat qrupunun üzvləri milli dövlətçilik tariximizdə xüsusi yer tutan Araz-Türk Cümhuriyyətinin fəaliyyətini elmi əsaslarla öyrənməli, tarixi mənbələrə, arxiv materiallarına, əlyazmalara istinad olunmalı, faktlar ümumiləşdirilərək yekun rəy əsasında elmi nəşrdə öz əksini tapmalıdır.